DÜNYA
Sergey Lebedev: Qərbdəki həmkarlar hələlik öz şərtlərini diktə etməyə çalışırlar
Minsk, 5 avqust, AZƏRTAC
MDB missiyası ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan (DTİHB) olan həmkarlarına seçkilərin qiymətləndirilməsi üçün ümumi yanaşmalar işləyib hazırlamağı təklif edib. Altıncı çağırış Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilərdə MDB müşahidəçilər missiyasının başçısı Sergey Lebedev bu fikri avqustun 5-də jurnalistlərə müsahibəsində səsləndirib. AZƏRTAC BELTA-ya istinadla xəbər verir ki, S.Lebedev Minskin Frunze və Pervomay rayonlarının dairə seçki komissiyalarının fəaliyyəti ilə tanış olub.
O deyib: “Biz çox ümid edirik ki, bu yanaşmalar gec-tez işlənib-hazırlanacaq, istər Qərb ölkələrində, istərsə də MDB ölkələrində seçki proseslərinin qiymətləndirilməsinə ümumi yanaşmalar olacaq”.
O, təəssüf hissi ilə etiraf edib ki, Qərbdəki həmkarlar hələlik öz şərtlərini diktə edir, seçkilərin müşahidəsi zamanı MDB missiyasının rəhbər tutduğu bəzi qayda və meyarları tənqid edirlər. Hərçənd nümayəndələri Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) monitorinq missiyası tərkibinə daxil olan bir sıra Qərb ölkələri Birlikdən olan həmkarlarını öz seçkilərinə buraxmırlar. MDB missiyasının başçısı deyib: “Əlbəttə, biz də son dərəcə maraqlıyıq ki, bizə qarşı irəli sürülən yanaşma və tələblər eynən Qərbdəki seçkilər prosesinə də şamil olunsun. Buna müvafiq olaraq, biz Qərb ölkələrində keçirilən seçkilərə bərabər əsasda qiymət vermək istərdik”.
S.Lebedev vurğulayıb ki, Birliyin nümayəndələri Belarusda indiki parlament kampaniyasının monitorinqi gedişində həmkarları ilə qarşılıqlı fəaliyyət göstərmək - görüşlər keçirmək, müxtəlif məsələləri müzakirə etmək niyyətindədir və bununla bağlı artıq müvafiq razılaşma var.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk