MƏDƏNİYYƏT
“Sərgüzəşti Vəziri Xani Lənkəran” bölgələrdən dönüb
Bakı, 16 iyun, AZƏRTAC
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti respublikamızın bölgələrində qastrol səfərini uğurla başa vuraraq geri dönüb.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində baş tutan qastrol səfəri çərçivəsində yaradıcı heyət milli dramaturgiyamızın banisi, ölməz Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti Vəziri Xani Lənkəran” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə respublikamızın şimal –qərb bölgəsində –Qəbələ, Oğuz, Balakən rayonlarında çıxış edib.
Sözügedən tamaşanı rayon icra hakimiyyətinin rəhbərliyi, məktəblilər və geniş tamaşaçı auditoriyası maraqla izləyib.
Tamaşanın quruluşçu rejissoru Xalq Artisti Cənnət Səlimovadır. Əsas obrazları Əməkdar artistlər Gülər Nəbiyeva, Leyli Vəliyeva, Şövqi Hüseynov, Nofəl Vəliyev, aktyorlar Məsumə Babayeva, Şəbnəm Hüseynova, Zülfiyyə Alhüseynova, Aydın Dəmirov, Kərəm Hadızadə, Ramil Məmmədov və Elnur Hüseynov ifa ediblər.
Qeyd edək ki, qastrol səfərinin həyata keçirilməsində məqsəd Dövlət proqramının müvafiq bəndinə uyğun olaraq bölgələrdə yaşayan əhalinin asudə vaxtının səmərəli keçirilməsi, gənclərin və yeniyetmələrin mənəvi estetik tərbiyəsinin formalaşdırılması və teatr sənətinin inkişafını sürətləndirməkdir.