CƏMİYYƏT


“Sərhəd” hərbi-idman oyunlarının qalibləri müəyyənləşib  VİDEO

Bakı, 28 iyun, AZƏRTAC

Dövlət Sərhəd Xidməti (DSX) sərhədlərimizin etibarlı mühafizəsini təmin etməklə yanaşı, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində mühüm tədbirlər həyata keçirir. Bu tədbirlər sırasında xüsusi yer tutan və artıq ənənəyə çevrilmiş “Sərhəd” hərbi-idman oyunları Dövlət Sərhəd Xidməti rəisinin, təhsil nazirinin, gənclər və idman nazirinin birgə qərarı əsasında keçirilir və gənc nəslin ulu öndər Heydər Əliyevin dövlətçilik ideyalarına sədaqət ruhunda tərbiyə olunmasında, Vətənə, onun sərhədlərinə məhəbbət hissinin aşılanmasında, gənclərdə sərhədçi peşəsinə marağın artırılmasında böyük rol oynayır.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Sərhəd Mühafizəsinin 98-ci ildönümünə həsr olunmuş, üç mərhələdə keçirilən hərbi idman oyunlarında bu il 27 sərhədyanı rayonun 141 mək¬təbinin 705 şagirdi iştirak edib. İlk iki mərhələnin yekunlarına görə 8 komanda – Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin “Şimşək”, Beyləqan rayonu Araz qəsəbəsi 1 nömrəli tam orta məktəbin “Araz”, Cəlilabad rayonu Ləkin kənd tam orta məktəbin “Ləkin”, Astara rayonu Şiyəkəran kənd 2 nömrəli tam orta məktəbin “Şimşək”, Xaçmaz rayonu Xudat şəhəri 3 nömrəli tam orta məktəbin “Xudat”, Qəbələ rayonu Abrıx kənd tam orta məktəbinin “Abrıx”, Zaqatala rayonu Danaçı kənd tam orta məktəbinin “Alazan”, Ağstafa rayonu Sadıxlı tam orta məktəbinin “Zirvə” komandaları finala vəsiqə qazanıblar.

Oyunların final mərhələsi iyun ayının 19-dan 24-dək Dövlət Sərhəd Xidmətinin Lənkəran sərhəd dəstəsinin Astara sərhəd komendantlığında keçirilib. Oyun iştirakçıları üçün yaradılmış şərait məktəblilərə öz bacarıqlarını tam və sərbəst şəkildə nümayiş etdirməyə imkan verib.

Final mərhələsində komandalar “Sıra hazırlığı”, “Sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkili”, “Avtomatın sökülməsi və yığılması”, “Sərhəd pozucusunun yaxalanması və təxliyəsi”, “Tüfəngdən hədəfə atəş açmaq”, “Maskalanma”, “Yaralanmış sərhəd naryadı üzvünə ilkin tibbi yardımın göstərilməsi və təxliyəsi” və “Ləpirçilik” mərhələlərində öz bacarıqlarını nümayiş etdiriblər.

Hərbi-idman oyununun keçirildiyi günlərdə məktəblilər hərbi hissədə yaradılmış şəraitlə tanış olub, bir sıra maraqlı eks-kursiyalara aparılıb, çoxsaylı mədəni-kütləvi tədbirlərə, bilik və idman yarışlarına qatılıblar.

Final mərhələsinin yekunlarına görə Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin “Şimşək” komandası birinci, Cəlilabad rayonu Ləkin kənd tam orta məktəbinin “Ləkin” komandası ikinci, Beyləqan rayonu Araz qəsəbəsi 1 nömrəli tam orta məktəbin “Araz” komandası isə üçüncü yeri tutublar.

Dövlət Sərhəd Xidmətinin Lənkəran sərhəd dəstəsində “Sərhəd” hərbi-idman oyunlarının yekunlarına həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbirdə Dövlət Sərhəd Xidmətinin, Gənclər və İdman Nazirliyinin və Təhsil Nazirliyinin rəsmiləri qalib komandaları təbrik edərək “Sərhəd” hərbi-idman oyunlarının gənclərin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını vurğulayıblar.

Tədbirdə qaliblər kubok, diplom və qiymətli hədiyyələr ilə mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.