REGİONLAR
“Sərhəd” hərbi-idman oyunlarının qalibləri mükafatlandırılıblar
Naxçıvan, 30 iyun, AZƏRTAC
Azərbaycan Sərhəd Mühafizəsinin 98-ci ildönümünə həsr olunmuş “Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin yekunlarına görə, Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin “Şimşək” komandası birinci yerə layiq görülüb.
AZƏRTAC xəbər verir ki, Naxçıvan şəhərindəki 2 nömrəli tam orta məktəbdə bu münasibətlə tədbir keçirilib.
Tədbirdə çıxış edən Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Elşən Qəbulov bildirib ki, muxtar respublikada təhsilin keyfiyyətinin yüksəldilməsinə göstərilən dövlət qayğısı gündən-günə artır. Müasir tələblərə cavab verən yeni məktəb binaları inşa olunur, təhsil müəssisələrinin maddi-texniki bazaları gücləndirilir. Ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin vətənpərvər ruhda yetişmələrinə də böyük diqqət göstərilir. Bunun əyani ifadəsidir ki, məktəblərdə hərbi kabinələr yaradılıb, onların maddi-texniki bazası gücləndirilib. Həyata keçirilən tədbirlərin, yaradılan şəraitin nəticəsidir ki, Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin şagirdləri “Şahin” hərbi-idman oyunlarının respublika mərhələsində “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə muxtar respublika çempionatında, “Sərhəd” hərbi-idman oyunlarının respublika mərhələsində uğurla iştirak ediblər.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov bildirib ki, muxtar respublikada təhsilə göstərilən diqqət və qayğı nəticəsində qazanılan uğurların sayı hər il daha da artmaqdadır. Bu gün muxtar respublikada fəaliyyət göstərən məktəblərin şagirdləri ölkə səviyyəli tədbirlərdə, müxtəlif müsabiqələrdə fərqlənirlər. Məmməd Qəribov qazanılan uğurlara görə məktəbin kollektivini təbrik edib.
Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin direktoru Sevil Salayeva və məktəbin hərbi rəhbəri Novruz Novruzov çıxış edərək “Sərhəd” hərbi-idman oyunlarının gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını vurğulayıblar.
Sonda “Şimşək” komandasına diplomlar və kubok, komandanın üzvlərinə və hərbi rəhbərə hədiyyələr təqdim olunub.