İQTİSADİYYAT
Sərhəd-keçid məntəqələrində fitosanitar qaydalarının tənzimlənməsinə dair seminar təşkil olunub
Bakı, 23 dekabr, AZƏRTAC
Dünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Sərhəd-keçid məntəqələrində fitosanitar qaydalarının tənzimlənməsi, bitki və bitkiçilik məhsullarının yoxlanılması” mövzusunda seminar keçirilib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, seminar “Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək” layihəsi çərçivəsində təşkil olunub.
Seminarda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sərhədyanı postlarının, eləcə də Dövlət Fitosanitar Nəzarəti Xidmətinin nümayəndələri iştirak ediblər.
BMT İnkişaf Proqramının strateji əməkdaşlıq üzrə müşaviri Məzahir Əfəndiyev bildirib ki, seminar nəticəsində əldə edilən biliklər sərhəd-keçid məntəqələrində fitosanitar nəzarətin keyfiyyətinin artırılmasına, sərhəddən keçirilən bitki və bitkiçilik məhsullarının dəqiq yoxlanılmasına, o cümlədən Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyinin təmin olunması işinə öz töhfəsini verəcək.
Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini Rauf Məmmədov “Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək” layihəsinin aktuallığından bəhs edib və sərhəd-keçid məntəqələrində fitosanitar nəzarətinin təkmilləşdirilməsinin əhəmiyyətinə toxunub.
Seminarı Latviya Qida və Baytarlıq Xidmətinin Sərhəd Nəzarət İdarəsinin fitosanitar məsələləri üzrə direktor müavini Kristina Romanova aparıb.
İştirakçılara fitosanitar nəzarəti üzrə tənzimləyici qaydalar, fitosanitar nəzarətin sənədləşdirilməsi, keyfiyyətli idarəetmə sistemi, bitki məhsullarının risk elementləri, ağac və ağac qablaşdırma materiallarının yoxlanılması və digər mövzularda bilgilər verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Xatırladaq ki, “Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək” layihəsi Avropa İttifaqının maliyyə dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən birgə icra olunur.
Layihədə əsas məqsəd Azərbaycan və Gürcüstan gömrük xidmətləri arasında əməkdaşlığı inkişaf etdirmək, ticarəti asanlaşdırmaq, sərhədlərdə sanitar və fitosanitar yoxlamaları gücləndirmək, həmçinin Qırmızı Körpü sərhəd-keçid məntəqəsini daha yaxşı infrastruktur və müasir texnologiya ilə təmin etməkdən ibarətdir.