CƏMİYYƏT
Sərhədçilər külli miqdarda narkotik vasitənin ölkəmizə gətirilməsinin qarşısını alıblar
Bakı, 5 iyul, AZƏRTAC
Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları narkotik və psixotrop vasitələrin qanunsuz dövriyyəsinin, qaçaqmalçılığın qarşısının alınması istiqamətində fəaliyyətlərini uğurla davam etdirirlər.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, dövlət sərhədlərimizi etibarlı mühafizə edən sərhədçilər yüksək peşəkarlıq nümayiş etdirərək növbəti dəfə dövlət sərhədinin pozulmasının və külli miqdarda narkotik vasitənin ölkəmizə gətirilməsinin qarşısını alıblar. Belə ki, iyulun 5-də saat 01:00 radələrində Cəlilabad rayonunun Bəyxanlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən İrandan Azərbaycana dövlət sərhədini pozmuş bir nəfər sərhəd pozucusu aşkarlanıb. Təqib olunan sərhəd pozucusu sərhəd naryadının “Dayan!” çağırışına və xəbərdarlıq atəşinə məhəl qoymayaraq geriyə qaçmağa cəhd göstərib. Havanın qaranlıq və ərazinin mürəkkəb relyefə malik olması ilə əlaqədar sərhəd pozucusunun müqabil tərəfə keçməsinin qarşısını almaq məqsədilə sərhəd naryadının “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” qanunun tələblərinə uyğun olaraq, silah tətbiq etməsi nəticəsində sərhəd pozucusu yaralanıb. İlk tibbi yardımın göstərilməsinə baxmayaraq, sərhəd pozucusu aldığı güllə yarasından ölüb.
Onun üzərinə baxış zamanı bir ədəd gecəgörmə cihazı və iki bağlamada 8 kiloqram 800 qram narkotik maddə olan tiryək aşkarlanaraq götürülüb.
Sərhəd pozucusunun şəxsiyyətinin müəyyənləşdirilməsi üzrə və faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.