CƏMİYYƏT
Sərhədçilər yeddi kiloqramdan çox narkotik vasitənin ölkəmizə gətirilməsinin qarşısını alıblar
Bakı, 14 noyabr, AZƏRTAC
Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin və qaçaqmalçılığın qarşısının alınması istiqamətində fəaliyyətlərini uğurla davam etdirirlər.
DSX-nın mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, sərhədçilərimizin sayıqlığı sayəsində növbəti dəfə külli miqdarda narkotik vasitənin ölkəmizə gətirilməsinin qarşısı alınıb. Ümumilikdə 7 kiloqramdan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Belə ki, noyabrın 7-də saat 4:40 radələrində Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən İrandan Azərbaycana dövlət sərhədini pozmağa cəhd göstərən bir nəfər sərhəd pozucusunun qarşısı alınıb. Sərhəd naryadının “dayan” çağırışına və xəbərdarlıq atəşinə baxmayaraq havanın qaranlıq olmasından və relyefin xüsusiyyətlərindən istifadə edən sərhəd pozucusu geriyə qaçmağa müvəffəq olub. Ərazidə aparılmış axtarış tədbirləri nəticəsində 4 ədəd bağlamada ümumi çəkisi 4 kiloqram 578 qram marixuana aşkar olunub.
Noyabrın 7-də Cəlilabad rayonunun Dələli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində işarəverici qurğulardan daxil olmuş siqnal əsasında əraziyə baxış zamanı 1 ədəd bağlamada 2 kiloqram 500 qram heroin aşkarlanaraq götürülüb.
Hər iki faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.