CƏMİYYƏT
Sərhəddən daxili orqanlarında narkotik vasitə keçirmək istəyən ana-bala saxlanılıb
Bakı, 17 dekabr, AZƏRTAC
Gömrükçülər daxili orqanlarında 400 qramdan artıq narkotik vasitəni ölkə sərhədindən keçirmək istəyən 2 qadını saxlayıblar. Fakt Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında aşkar edilib.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Fəridə Şahsuvarova və qızı Səyyarə Şahsuvarova saxlanılaraq onların üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı S.Şahsuvarovanın üzərindən 149,038 qram narkotik vasitə - heroin və 3,971 qram psixotrop maddə - metamfetamin, F.Şahsuvarovanın üzərindən isə 251,688 qram narkotik vasitə - heroin aşkar edilərək götürülüb.
Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində zəruri istintaq tədbirləri aparılır.