ELM VƏ TƏHSİL
“Sərhədsiz diplomatiya” layihəsinin iştirakçıları Yaponiyada olublar
Bakı, 9 iyul, AZƏRTAC
“Dünya uşaqların gözü ilə” proqramı çərçivəsində “Sərhədsiz diplomatiya” (“World Wide Diplomacy“) uşaq diplomatiyası layihəsinin iştirakçıları - Bakı Avropa Liseyinin şagirdləri Cahangir Məmmədli, Səidə Tağızadə və Səmilə Tağızadə Yaponiyada olublar.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Yaponiyanın “Tokio-Sinem” kino şirkətinin dəstəyi ilə təşkil edilən tədbirin məqsədi məktəbliləri bu ölkənin mədəniyyəti, adət-ənənələri ilə tanış etmək, WWD-nin iştirakçıları ilə birlikdə film hazırlamaq olub.
Layihə iştirakçıları öz həmyaşıdları ilə ünsiyyət yaradaraq bir-birlərinin həyat tərzini müzakirə edib, fərqli mədəniyyətlər, adət-ənənələrlə tanış olublar.
Gənc diplomatlar bir sıra ictimai təşkilatlarda keçirilən görüşlərdə iştirak ediblər.
Qeyd edək ki, “ADA” Universitetinin tərəfdaşlığı ilə Bakı Avropa Liseyində həyata keçirilən beynəlxalq layihənin əsas məqsədi gənc nəslin dünyada gedən qlobal proseslərə münasibət bildirməsini, beynəlxalq ictimaiyyəti maarifləndirməsini təmin etmək, yeniyetmələrin virtual kommunikasiya bacarıqlarını artırmaqdır.
Müəllim, psixoloq və valideynlərin iştirakı ilə təşkil edilən uşaq diplomatiyası layihəsi məktəblilərin öz yaşıdları, eləcə də müxtəlif ölkələrin və mədəniyyətlərin nümayəndələri ilə vizual ünsiyyətə əsaslanır. Layihə virtual (dialoqlar, online konfrans) şəbəkə şəklindədir.