CƏMİYYƏT
Sərnişinin baqajında 4080 qutu xarici markalı siqaret aşkar olunub
Bakı, 28 yanvar, AZƏRTAC
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən Moskva-Lənkəran aviareysi ilə Azərbaycana gələn Elçin Teymurova məxsus baqaj gömrük nəzarətindən keçirilərkən monitorda xarici markalı müxtəlif siqaretlərin təsvirləri görünüb.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildiriblər ki, sərnişinin baqajında elektron və kağız üzərində yazılı və ya şifahi formada bəyan olunmayan, Azərbaycan Respublikasının aksiz markaları ilə markalanmayan 4080 qutu siqaret aşkar olunub.
E.Teymurov izahatında aşkar olunan siqaretləri Rusiya Federasiyasının Moskva şəhərindəki bazardan əldə etdiyini və satış məqsədilə Azərbaycana gətirdiyini bildirib.
Faktla bağlı təhqiqat aparılır.