İQTİSADİYYAT
Şərq Tərəfdaşlığı üzrə Estoniya Mərkəzi Rəqəmsal Ticarət Qovşağının tətbiqi çərçivəsində əməkdaşlıqda maraqlıdır
Bakı, 13 iyun, AZƏRTAC
Şərq Tərəfdaşlığı üzrə Estoniya Mərkəzi Rəqəmsal Ticarət Qovşağının tətbiqi çərçivəsində əməkdaşlıqda maraqlıdır.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, mərkəzin icraçı direktoru Vüsal Qasımlı Şərq Tərəfdaşlığı üzrə Estoniya Mərkəzinin nümayəndə heyətini "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi ilə tanış edib. Vüsal Qasımlı İxraca Dəstək Mərkəzinin yaradılması, məqsədləri, həyata keçirdiyi xidmət növlərinə dair geniş məlumat verib. Bildirib ki, belə bir mərkəzin yaradılması bir yenilikdir. "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi vasitəsilə sahibkarlar, ixracatçılar daha az resurs sərf etməklə ixrac proseduralarını daha sürətlə həyata keçirəcəklər.
Müzakirələrdə "Asan İmza" mobil elektron imza xidmətinin operatoru "B.EST Solutions" Azərbaycan şirkətinin rəhbəri Yana Krimpe Azərbaycanda yeni tətbiq olunan "Asan İmza" texnologiyasının başlıca üstünlüklərindən danışıb.
Şərq Tərəfdaşlığı üzrə Estoniya Mərkəzinin direktoru Yan Reinhold qeyd edib ki, "Azexport" portalının yaradılması və Rəqəmsal Ticarət Qovşağının tətbiqi Azərbaycan üçün yaxşı bir nümunədir. Şərq Tərəfdaşlığı üzrə Estoniya Mərkəzi Rəqəmsal Ticarət Qovşağının tətbiqi çərçivəsində əməkdaşlıqda maraqlıdır. Bu istiqamətdə müzakirələrin davam etdirilməsi və görülən işlərlə daha yaxında tanış olmaq üçün işçi səviyyədə görüşlər davam etdiriləcək.
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədi ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.