MƏDƏNİYYƏT
Şərq musiqisinin incisi, Xalq Artisti Seyid Şuşinskinin anadan olmasından 125 il ötür VİDEO
Bakı, 12 aprel (AZƏRTAC). Aprelin 12-də Şuşa xanəndəlik məktəbinin ən parlaq nümayəndələrindən biri - Seyid Şuşinskinin anadan olmasından 125 il ötür.
Füzuli rayonunun Horadiz qəsəbəsində dünyaya göz açan və uşaq ikən valideynlərini itirən Seyid xanəndə olan xalası Məşədi Hürzadın himayəsində böyümüşdür. Seyidin peşəkar xanəndə kimi yetişməsində Şuşa mühitinin həlledici rolu olmuşdur.
Xanəndəlik sənətinin sirlərini Cabbar Qaryağdıoğludan öyrənən Seyid Şuşinski 1907-ci ildə Şuşada Nəvvabın musiqi məktəbində təhsil almışdır. 1913 və 1914-cü illərdə “Ekstrafon” Səhmdar Cəmiyyəti tərəfindən Kiyevdə onun ifasında bir sıra muğamlar vala yazılmışdır. S.Şuşinski bir müddət Bakıda yaşamış, fəhlə klublarında konsertlər vermiş, teatr tamaşalarında, konsertlərdə çıxış etmişdir.
Daha sonra Tiflisdə fəaliyyət göstərən Seyid Şuşinskinin xanəndəlik sənəti daha da təkmilləşmiş, bədii zövqü və səhnə ustalığı formalaşmışdır. Onun oxuduğu “Çahargah”, “Hümayun”, “Rast”, “Mahur”, “Zabul”, “Şahnaz”, “Mirzə Hüseyn seygahı”, muğamları, “Mani”, “Arazbarı”, “Mənsuriyyə” zərbi muğamları musiqi xəzinəmizdə bənzərsiz sənət əsərləri kimi özünəməxsus yer tutmaqdadır. O, bir çox muğamlara yeni guşələr əlavə etmiş, bir çox muğamları isə birləşdirib oxumuşdur.
Seyid Şuşinski ifa üçün mürəkkəb muğam olan “Cahangah”ı xüsusilə böyük məharətlə oxumuş, özü də həmişə onu “mayə”dən deyil, “Mənsuriyyə”dən başlamışdır. Məhz bu ustalıqlarına görə Azərbaycan muğam tarixinin əfsanələrindən olan Cabbar Qaryağdıoğlu onu “Şərq musiqisinin incisi” adlandırmışdır.
Seyid Şuşinski ictimai-siyasi mövzuda olan “Ayıl, ey millət”, “Mən bir türkəm”, “Millət istərsə” və s. şeir və qəzəlləri ilə xalqı mübarizəyə çağıran ilk xanəndə olmuşdur.
1926-cı ildə Üzeyir Hacıbəylinin təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyasında, sonra isə Azərbaycan Dövlət Musiqi Məktəbində muğam sinfində dərs deyən Seyid Şuşinski 1939-1960-cı illərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan Radiosunun solisti olmuş, ömrünün son illərində isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında muğam operaları üzrə məsləhətçi işləmişdir.
Seyid Şuşinski yaradıcılığında Hafiz Şirazi, Məhəmməd Füzuli, Seyid Əzim Şirvani qəzəlləri ilə yanaşı, Hüseyn Cavidin və Mirzə Ələkbər Sabirin şerlərinə də müraciət etmişdir. O, dövrünün görkəmli ədiblərindən olan Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Hüseyn Ərəblinski kimi sənətkarlarla dostluq etmişdir. “Molla Nəsrəddin” jurnalının bir neçə nömrəsinin işıq üzü görməsinə maddi yardım göstərmişdir. Ümumiyyətlə, Seyid Şuşinski böyük mesenat kimi o dövrün teatr aktyorlarına çox köməklik etmiş, özü də səhnədə bir sıra rolları canlandırmışdır.
Muğam fədaisinin milli musiqimizin inkişafı, təbliği istiqamətində gördüyü işlər daim yüksək qiymətləndirilmiş və sənətkar 1956-cı ildə Xalq Artisti, 1961-ci ildə isə Əməkdar Müəllim fəxri adlarına layiq görülmüşdür
Yetmiş altı yaşında dünyasını dəyişən Seyid Şuşinski Fəxri xiyabanda dəfn olunmuşdur.