CƏMİYYƏT
“Şərq tərəfdaşlığı” proqramı səhiyyə sahəsində yeni əlaqələrin qurulmasına yol açır
Tbilisi, 26 noyabr, AZƏRTAC
Tbilisidə Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramına üzv ölkələrin səhiyyə nazirlikləri nümayəndələrinin 6-cı qeyri-formal görüşü keçirilib.
Tədbirdə Azərbaycanı səhiyyə nazirinin müavini Abbas Vəlibəyov və respublika Epidemiologiya və Gigiyena Mərkəzinin direktorunun müavini Vaqif Abdullayev təmsil ediblər.
Gürcüstanın səhiyyə, əmək və əhalinin sosial müdafiəsi naziri David Sergeyenko tədbiri açaraq qloballaşan dünyada səhiyyə və tibb sahəsində əməkdaşlığın vacibliyindən danışıb. Görüşdə Avropa İttifaqının qonşuluq siyasəti və genişlənmə üzrə komissarı İohannes Han, Sağlamlıq və ərzaq təhlükəsizliyi üzrə komissar Vytenis Andriukaitis və bir sıra üzv ölkələrin səhiyyə nazirləri və nazir müavinləri çıxış ediblər. Qeyd olunub ki, Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı üzv ölkələr arasında səhiyyə sahəsində əməkdaşlığın genişlənməsinə, yeni əlaqələrin qurulmasına, mövcud problemlərin həllinə geniş imkanlar açır.
KİV nümayəndələri üçün qapalı davam edən toplantıda siqaret əleyhinə mübarizəyə dair memorandumun layihəsi, səhiyyə sahəsində beynəlxalq təhlükəsizlik, vaksinasiya, antibiotiklərdən düzgün istifadə, Dünya Səhiyyə Təşkilatının tövsiyələri və digər məsələlər müzakirə olunub.
Sonda tədbir iştirakçıları mətbuat konfransı keçiriblər.
Görüşün “Şərq tərəfdaşlığı” proqramına üzv ölkələr üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirən V.Abdullayev jurnalistlərə deyib: “Burada müzakirə olunan məsələlər, xüsusən də bakteriyalara qarşı mübarizə, vaksinasiya, Dünya Səhiyyə Təşkilatının tövsiyələri, epidemioloji xəstəliklərə qarşı mübarizə hamımız üçün vacibdir. Düşünürəm ki, birgə əməkdaşlıq öz bəhrəsini verəcək. Azərbaycanda bu məsələlərə dövlət səviyyəsində çox böyük əhəmiyyət verilir. Bunun nəticəsidir ki, ölkəmizdə epidemioloji sabitlik təmin olunub”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi