CƏMİYYƏT
Şərqi Avropa və Mərkəzi Asiyada İİV daşıyıcılarının sayı hər il 57 faiz artır
Bakı, 13 iyul, AZƏRTAC
Dünyanın bəzi regionlarında İİV-ə yeni yoluxanların sayında artım müşahidə olunur. Şərqi Avropada və Mərkəzi Asiyada İİV-ə yeni yoluxma hallarının sayı hər il 57 faiz artır.
AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin İİV/QİÇS üzrə Birgə Proqramının (UNAİDS) çərşənbə axşamı təqdim etdiyi yeni hesabatında bildirilir.
Hesabata görə, 2001-ci ildən başlayaraq hər il 1,9 milyon insan İİV-ə yoluxur. Karib hövzəsi regionunda bu virusa yoluxmanın illik artımı son beş ildə 8 faiz, Yaxın Şərqdə 4 faiz olub. Qərbi və Mərkəzi Avropada, Şimali Amerikada İİV-ə yeni yoluxma hallarının yarıdan çoxu kişilərin payına düşür. Belə halların sayı dörd il ərzində Avropada 17 faiz, Şimali Amerikada isə 8 faiz artıb. Lakin bu rəqəmlər Şərqi Avropada və Mərkəzi Asiyada qeydə alınan göstəricilərlə müqayisədə çox aşağıdır. Ən qorxulu vəziyyət hazırda Şərqi Avropa və Mərkəzi Asiyadadır.
Bununla bağlı UNAİDS-in icraçı direktoru Mişel Sidibe məruzə edərkən deyib: “Biz həyəcan təbili çalırıq. Lazım olan bütün profilaktik tədbirlərdən tam istifadə etmirik. Əgər İİV-ə yeni yoluxma halları baş verirsə, onda artıq epidemiyaya nəzarəti itirə bilərik. Buna görə dünyada bu epidemiya əleyhinə təcili olaraq profilaktik tədbirlər gücləndirilməlidir”.
HİV/QİÇS epidemiyası başlayandan bu infeksiyalara təxminən 78 milyon nəfər yoluxub. Epidemiya 35 milyon nəfərin həyatına son qoyub. Bununla belə, son illər epidemiyanın qarşısını almaq mümkün olmasa da, ölüm hallarında azalma müşahidə edilir. İnfeksiyaya yeni yoluxma halların sayı uşaqlar arasında 70 faiz azalıb.