DÜNYA
Şərqi Avropada 30-dan çox şəxs vergi cinayətinə görə saxlanılıb
Bakı, 10 noyabr, AZƏRTAC
Slovakiya polisinin Çexiya, Polşa və Macarıstandan olan həmkarları ilə birlikdə son günlərdə apardığı əməliyyatlar nəticəsində ümumi məbləğ 58 milyon avroya çatan vergi cinayətində təqsirli bilinən 32 şəxs həbs edilib. Bu barədə məlumatı Slovakiya polis rəisi Tibor Qaşpar və maliyyə idarəsinin rəhbəri Frantişek İmreçe mətbuat konfransında açıqlayıblar.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, F.İmreçe koordinasiyalı şəbəkə olan 17 ticarət şirkətinin Çexiya, Macarıstan, Polşa və Slovakiyada armatur satışından qanunsuz olaraq vergi mənfəəti əldə etmək məqsədi ilə saxta münasibətlər yaratdıqlarını deyib. Bu fəaliyyətdən dəyən zərər 15 milyon avro təşkil edib.
İkinci halda isə Slovakiya və Polşa şirkətlərinin cəlb olunduğu quş əti, həmçinin donuz, mal əti və soya satışlarında vergi manipulyasiyalarından söhbət gedir. Bu fəaliyyət nəticəsində dəyən zərər isə 43 milyon avrodur.