ELM VƏ TƏHSİL
Şərqşünas alimin məqalələr toplusu nəşr olunub
Bakı, 22 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda türk dünyasının iqtisadiyyatına həsr olunan yeni kitab işıq üzü görüb.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, “Türk dünyası qlobal iqtisadi inkişaf yollarında” toplusuna bu elm müəssisəsinin şərq-qərb şöbəsinin müdiri, iqtisadiyyat elmləri doktoru Dünyamalı Vəliyevin uzun illər türk dünyasının iqtisadi inkişaf problemləri barədə yazdığı məqalələr daxil edilib.
Kitaba Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva “Ön söz” yazıb.
Toplu üç bölmədən ibarətdir. Azərbaycan və Türkiyənin iqtisadi inkişaf problemlərinə həsr edilən yazılar iki ayrı bölmədə verilib. Türk dünyasının ortaq problemləri “Türk dünyası qlobal iqtisadi inkişaf yollarında” bölməsində oxucuların nəzərinə çatdırılır. Bu bölmənin son fəsli müəllifin dünya iqtisadiyyatı və qloballaşma barədə mühazirələrinə həsr edilib.