SİYASƏT
Sərsəng su anbarı ilə bağlı məlumat memorandumu AŞPA-nın sosial məsələlər komitəsində müzakirə edilib
Bakı, 30 sentyabr (AZƏRTAC). Sentyabrın 30-da Avropa Şurasının sosial məsələlər komitəsində Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanovun təqdim etdiyi “Azərbaycanın cəbhəyanı rayonlarında mülki əhalinin qəsdən sudan məhrum edilməsinə dair” qətnamə layihəsi əsasında təyin edilmiş məruzəçi, Bosniya və Herseqovinadan olan deputat Milisa Markoviçin ilk məlumat memorandumu müzakirəyə çıxarılıb.
E.Süleymanovun AZƏRTAC-a verdiyi məlumata görə, məsələ müzakirəyə çıxarılan kimi Ermənistan nümayəndə heyətinin üzvləri çıxış edərək məruzənin adının dəyişdirilməsini, onun Avropada su problemlərinə həsr olunmasını tələb ediblər. Sosial komitənin üzvləri, britaniyalı deputat Mayk Hanqkok, belçıkalı deputat Blanşar, moldovalı deputat Gileviç ermənilərin bu təklifinə etiraz ediblər və bu kimi təxribatlara son qoymağa çağırıblar. Ermənilərin səylərinə baxmayaraq məlumat xarakterli memorandumun müzakirəsi baş tutub.
Qeyd edək ki, Sərsəng su anbarı ilə bağlı AŞPA-da hazırlanacaq məruzə işğal altındakı strateji obyektlərə həsr olunan ilk məruzə olacaq.