REGİONLAR
Sərsəng su anbarının işğal altında olması nəticəsində Ağcabədi rayonunun 19 min 255 hektar ərazisi susuz qalıb
Ağcabədi, 19 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi üzrə” məruzəçisi xanım Milisa Markoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə faktaraşdırıcı səfəri çərçivəsində Ağcabədi rayonunda olub.
AZƏRTAC xəbər verir ki, Ağcabədi Rayon İcra Hakimiyyətində keçirilən görüşdə xanım Milisa Markoviçə Sərsəng su anbarının Ermənistan silahlı qüvvələrinin işğalı altında olmasının cəbhəyanı rayonların kənd təsərrüfatına vurduğu ziyan və əhali üçün yaratdığı problemlər barədə geniş məlumat verilib.
Rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov bildirib ki, Sərsəng su anbarının işğal altında olması Tərtər rayonu ilə yanaşı, ətraf rayonların da iqtisadiyyatına ziyan vurur. Ağcabədi rayonunun 20 kəndinin 19 min 255 hektar ərazisinin 20 ildən artıq müddətdə susuz qalması flora və faunaya mənfi təsir edib, ekoloji tarazlığın pozulmasına gətirib çıxarıb, əhalinin yaşayış səviyyəsinin aşağı düşməsinə səbəb olub.
Görüşdə xanım Milisa Markoviçin Sərsəng su anbarı və onun ətrafındakı bölgələrdə su çatışmazlığının yaratdığı vəziyyət barədə hazırlayacağı məruzə ətrafında fikir mübadiləsi aparılıb.