REGİONLAR
Şərur Rayon Xalq Teatrının muxtar respublikada teatr sənətinin inkişafında və təbliğində öz yeri var
Şərur, 23 dekabr, AZƏRTAC
Şərur şəhərindəki “Bahar” kinoteatrında Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrının yaradılmasının 35 illiyi qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova Naxçıvan Muxtar Respublikasında mədəniyyət və incəsənətin bütün sahələrinə göstərilən diqqət və qayğının mədəni yüksəlişi təmin etdiyini bildirib. Nazir qeyd edib ki, muxtar respublikada fəaliyyət göstərən 3 dövlət teatrı, 5 xalq teatrı, 1 dövlət filarmoniyası, 1 dövlət uşaq filarmoniyası, 28 muzey və 1 rəsm qalereyası, 225 klub və mədəniyyət evi, 234 kitabxana, 27 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbi regionun mədəni həyatında mühüm rol oynayır.
Azərbaycan teatrının inkişafının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu deyən Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri vurğulayıb ki, teatra, sənət adamlarına böyük diqqət göstərən Ulu Öndərimizin qayğısı ilə ötən əsrin 70-ci illərindən başlayaraq milli teatr sənətimiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Mədəniyyət müəssisələrinə diqqət və qayğı bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında da teatrların fəaliyyətinə hərtərəfli qayğı göstərilir. Son illər muxtar respublikada teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, teatr binalarının hamısı yenidən qurulub və ya əsaslı təmir olunaraq istifadəyə verilib. Bu gün regionda fəaliyyət göstərən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, 5 xalq teatrı, Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyası tamaşaçıların mənəvi və estetik zövqünün formalaşmasında, asudə vaxtının mənalı təşkilində əhəmiyyətli rol oynayır. Teatr o zaman davamlı inkişaf yolunda olur ki, orada gənc aktyorlar nəsli yetişsin. Muxtar respublikada bu sahədə də mühüm addımlar atılıb, Naxçıvan Dövlət Universitetində Aktyorluq sənəti ixtisası açılıb. Muxtar respublikada ömrünü teatra bağlayanların əməyi dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilir, yaradıcı insanlar Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına, orden və medallara, Prezident təqaüdü və mükafatlarına layiq görülürlər.
Nazir bildirib ki, bu gün yaradılmasının 35 illiyini qeyd etdiyimiz Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrının da muxtar respublikamızda teatr sənətinin inkişafında və təbliğində öz yeri vardır. Teatr ötən illər ərzində hazırladığı müxtəlif məzmunlu tamaşalarla rayon sakinlərinin estetik zövqünün formalaşmasında, gənc nəslin milli dəyərlər ruhunda tərbiyəsində, insanların asudə vaxtlarının mənalı və səmərəli keçirilməsində əhəmiyyətli rol oynayıb.
Natəvan Qədimova teatrın 35 illiyi münasibətilə kollektivin bütün üzvlərini təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb.
Teatrın bir qrup əməkdaşına diplomlar təqdim olunub.
Şərur Rayon Xalq Teatrının rejissoru Nəsimi Məmmədzadə “Şərur Xalq Teatrının keçdiyi yaradıcılıq yolu” mövzusundakı çıxışında bildirib ki, 1938-ci ildə SSRİ Ali Sovetinə deputatlığa namizədliyini bu rayondan irəli sürmüş dahi bəstəkar Üzeyir Hacıbəylinin seçiciləri ilə görüşündə bir qrup ziyalı “Arşın mal alan” musiqili komediyasından bir səhnə hazırlayaraq təqdim edib. Tədbirdən sonra görkəmli sənətkardan ilk xeyir-dualarını alan həvəskarlar tərəfindən dram dərnəyi yaradılıb. Dram dərnəyi zamanla öz ətrafına yaradıcı insanlar toplayıb, repertuarına bir çox tamaşalar daxil edib. Bu sırada Səməd Vurğunun “Vaqif”, Cəfər Cabbarlının “Solğun çiçəklər”, Süleyman Sani Axundovun “Tamahkar”, Altay Məmmədovun “Yadındamı”, Gəray Fəzlinin “Yeddi ulduzlu səma” əsərinin motivləri əsasında “Gənclik bir də qayıtmır”, Qəni Hüseynovun “Nicat” və başqa tamaşaları qeyd etmək olar. 1981-ci ildə böyük uğurla Qəni Hüseynovun “Nicat” əsərini tamaşaya hazırlayan dram dərnəyinə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi böyük pedaqoq, rejissor Rza Təhmasibin adını daşımaqla xalq teatrı statusu verib. Ötən dövrdə teatrda istedadlı aktyor və rejissor nəsli yetişib.
Diqqətə çatdırılıb ki, 2006-cı ildə özünün 25 illiyini qeyd edən teatr Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fəxri fərmanı ilə təltif olunub. 2008-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi xalq teatrlarının birinci ümumrespublika baxış-müsabiqəsində iştirak edərək 54 teatr kollektivi arasında ikinci dərəcəli diplomla təltif olunub. 2015-ci ildə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi xalq teatrlarının baxış-müsabiqəsində teatr Cəlil Məmmədquluzadənin “Ölülər” əsərinin motivləri əsasında hazırlanmış “Yuxu” tamaşasına görə müsabiqənin ikinci dərəcəli diplomuna layiq görülüb. Kollektivin üzvlərinin əməyi dövlətimiz tərəfindən fəxri adlarla və dövlət mükafatları ilə qiymətləndirilib.
Tədbirin bədii hissəsində xalq teatrının müxtəlif illərdə hazırladığı tamaşalardan parçalar göstərilib və teatrın tarixi ilə bağlı videoçarx nümayiş etdirilib.
Sonda Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi Kimya Babayeva və Nəsimi Məmmədzadənin xalq folkloru əsasında səhnələşdirdiyi “Toy” tamaşasının nümayişi olub.