REGİONLAR
Şərur rayonunda qarğıdalı biçini davam edir
Şərur, 22 sentyabr, AZƏRTAC
Son illər Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda qarğıdalı bitkisinin əkilib-becərilməsinə maraq artıb. Belə ki, ötən il 624 hektar sahədə qarğıdalı əkilmiş, bu sahələrdən 2500 tondan çox məhsul götürülmüşdü. Bu il isə əkin sahələri 1119,21 hektara çatdırılıb.
AZƏRTAC xəbər verir ki, rayonun Çərçiboğan, Xanlıqlar, Oğlanqala, Düdəngə, Zeyvə, Çomaxtur, Yengicə yaşayış məntəqələrində daha çox qarğıdalı əkilib. Əkinlərə düzgün aqrotexniki qulluq göstərildiyindən sahələrdə bol məhsul yetişdirilib. Rayon icra hakimiyyətindən verilən məlumata görə, indiyədək 137 hektar sahədən 1274,1 ton məhsul tədarük edilib. Bu isə orta hesabla hər hektardan 93 sentner məhsul deməkdir. Hələlik sahələrdə 4 kombayn işləyir. Məhsulun vaxtında və itkisiz toplanılması üçün “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti Şərur rayon bazası öz köməyini əsirgəmir.
Qeyd edək ki, qarğıdalı bitkisi taxıllar fəsiləsinə aiddir və ondan müxtəlif məqsədlər üçün istifadə olunur. Bu bitkidən dən və silos alınır. Dənindən un, yarma və konserv (şəkərli qarğıdalı) hazırlanır. Sənayedə isə qarğıdalı dənindən nişasta, etil spirti, dekstrin, şəkər, bal, yağ, E vitamini, askorbin və qlutamin turşuları alınır. Qarğıdalı bitkisinin gövdəsindən, yarpaq və qıçalarından kağız, linoleum, süni probkalar, plastik kütlə və digər məhsullar hazırlanır.
Qarğıdalı dəninin tərkibində yağ, zülal və fitin maddəsi var və vitaminlərlə zəngindir. Bu bitki yağı insan orqanizmi üçün ən əhəmiyyətli qida məhsuludur. Xalq təbabətində müxtəlif xəstəliklərin müalicəsində istifadə edilir. Qarğıdalı orqanizmi toksinlərdən və digər zərərli maddələrdən təmizləyir, immun sistemini gücləndirir, ürək və onkoloji xəstəliklərin müalicəsinə müsbət təsir göstərir. Sinir və mədə-bağırsaq sistemləri üçün çox xeyirlidir. Qarğıdalı saçağının dəmlənib içilməsi də bəzi xəstəliklərin müalicəsində faydalıdır.
Bütün bunlar nəzərə alınaraq “Gəmiqaya Bərəkət Qida Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətində kəpəkli unla qarğıdalı ununun qarışığından hazırlanmış qarğıdalı çörəyi istehsalına başlanılıb. İnsan sağlamlığı üçün vacib elementlərlə zəngin olan kəpəkli çörək yüksəkkeyfiyyətli qida məhsulu kimi alıcılar tərəfindən rəğbətlə qarşılanıb. Elə bunun nəticəsidir ki, muxtar respublikada satışa çıxarılan kəpəkli çörəyə tələbat get-gedə artıb, ötən dövr ərzində kəpəkli çörək istehsalına keçid tam təmin olunub.