REGİONLAR
Şərurda daha bir kənd stadionu təmir olunub
Şərur, 21 iyun, AZƏRTAC
Muxtar respublikanın şəhər və rayonlarında bu gün hər sahədə olduğu kimi, idman sahəsində də müasir infrastruktur qurulur. Belə tədbirlərin davamı olaraq Şərur rayonunda Dəmirçi kənd stadionu istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov ümummilli lider Heydər Əliyevin ölkə rəhbəri olduğu ilk dövrdən gənclərin himayədarı kimi sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab etdiyini bildirib.
Qeyd olunub ki, dahi şəxsiyyət cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında gənclərin iştirakının təmin olunmasını vacib məsələlərdən biri kimi hər zaman diqqətdə saxlayıb. Muxtar respublikada da gənclərlə iş və idman sahəsində mühüm işlər görülüb. Belə ki, son 20 il ərzində idman infrastrukturunun yenidən qurulması, yeni idman obyektlərinin, olimpiya-idman komplekslərinin inşa edilməsi bu sahənin inkişafı ilə bağlı möhkəm təməl yaradıb.
“Bu gün muxtar respublikanın şəhər və rayonları ilə yanaşı, kəndlərində də idmanın kütləviliyinin təmin olunmasına xüsusi diqqət yetirilir. Bunun nəticəsidir ki, artıq kəndlərdə yeni idman obyektləri tikilir və ya yenidən qurularaq gənclərin ixtiyarına verilir. Bunlardan biri də Dəmirçi kənd stadionudur”, – deyən Azad Cabbarov diqqətə çatdırıb ki, artıq stadionda oyunların keçirilməsi üçün hər bir şərait yaradılıb. Uşaq, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün stadionun ətrafında voleybol meydançası və idman qurğuları quraşdırılıb. Uzunluğu 105, eni isə 60 metr olan təbii ot örtüklü stadionun ərazisində 118 nəfərlik oturacaqlar quraşdırılıb. Stadionda muxtar respublika çempionatı üzrə oyunların, həm də rayon birinciliklərinin keçirilməsi nəzərdə tutulur.
Yenidən təmir olunan stadionun açılış mərasimində çıxış edən Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov gəncləri bu münasibətlə təbrik edib, onlara uğurlar arzulayıb.
Sonra yeni istifadəyə verilən stadionda Aralıq və Dəmirçi kənd futbol komandaları arasında yoldaşlıq görüşü keçirilib. Görüş Aralıq komandasının 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.