REGİONLAR
Şərurda soyuducu anbarlara meyvə və tərəvəz məhsulları qəbul edilir
Şərur, 16 avqust, AZƏRTAC
Uzunmüddətli və güzəştli şərtlərlə verilən kreditlər, yaxud sahibkarın şəxsi vəsaiti hesabına son illər Şərur rayonunda ümumi tutumu 3 min ton olan 11 müasirtipli soyuducu anbar tikilib. Artıq bu anbarlara mövsümün meyvə və tərəvəz məhsulları qəbul olunur.
AZƏRTAC xəbər verir ki, Danyeri kəndində Ramiz Həsənovun 300, Qaraburc kəndində Qəşəm Kərimova məxsus 110, Yusif Quliyevin Şərur şəhərində tikdirdiyi 440, Cəlilkənddə Yaqub Tağıyevə məxsus 650, Əmir Əsədovun Qarxun kəndindəki 360 tonluq məhsul saxlamaq gücündə olan soyuducu anbarlara məhsul təhvil verərkən torpaq mülkiyyətçiləri heç bir maneə ilə rastlaşmırlar.
Şərur Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, hələlik soyuducu anbarlarda 1350 ton məhsul tədarük olunub ki, bunun da çoxu kartofdur. Anbarlara məhsul qəbulu davam edir.
Sahibkar Yaqub Tağıyev deyib ki, tələbatdan artıq istehsal olunan kənd təsərrüfatı məhsullarını qəbul etmək və saxlamaq üçün anbarlarımızda hərtərəfli şərait vardır. Soyuducu anbar sahibləri tədarükdən əvvəl meyvə-tərəvəz məhsullarının istehsalı ilə məşğul olan fermerlərlə və fərdi təsərrüfat sahibləri ilə əlaqə saxlayır, onların sifarişlərini qeyd edir və bu sifarişlər əsasında yerlər müəyyənləşdirirlər. Məhsul sahibkarlardan dəyəri yerində ödənilməklə, yaxud müqavilə əsasında saxlama haqqı alınmaqla anbarlara yığılır. Soyuducu anbarların işə salınması yerli meyvə və tərəvəzlərin ilboyu bazara çıxarılmasına imkan verir. Anbarlarda havanın temperaturuna gündəlik nəzarət olunur.