REGİONLAR
Şərurda təşkil olunan əmək yarmarkasında 42 nəfərə işə göndəriş verilib
Şərur, 21 aprel, AZƏRTAC
Şərur şəhərində Rayon Məşğulluq Mərkəzi tərəfindən növbəti əmək yarmarkası təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə mərkəzin direktoru Məmməd Məmmədov əhalinin işlə təmin olunması üçün ən çevik tədbirlərdən sayılan əmək yarmarkalarının keçirilməsinin daim diqqət mərkəzində saxlanıldığını deyib. Təkcə ötən il Şərurda keçirilən 2 əmək yarmarkasına idarə, müəssisə və təşkilatlardan 577 boş iş yeri çıxarılıb, 71 nəfər daimi işlə təmin olunub. Eyni zamanda, muxtar respublika Təhsil və Səhiyyə nazirlikləri ilə birgə keçirilmiş əmək yarmarkalarında da onlarla rayon sakini ixtisasına uyğun işə göndəriş ala bilib.
Məmməd Məmmədov bildirib ki, yarmarkada 39-u özəl olmaqla, 47 təşkilatdan 313 boş iş yeri işaxtaranlara təklif edilir.
Şərur Rayon İcra Hakimiyyətinin əməkdaşı Asif Hüseynov çıxış edərək qeyd edib ki, muxtar respublikada insan amili diqqətdə saxlanılan məsələlərdəndir. Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına ciddi fikir verilir, bu istiqamətdə rayonda ardıcıl tədbirlər həyata keçirilir. Yeni yaradılan sənaye və istehsal müəssisələri, aqrar sahənin inkişafı, tikinti-quruculuq işlərinin həcminin artması, xidmət şəbəkələrinin genişlənməsi işaxtaran vətəndaşların işlə təmin olunmasına şərait yaradıb. Hazırda rayonda bir neçə iri tikinti layihəsi həyata keçirilir və burada onlarla sakin daimi və müvəqqəti işlərlə təmin olunub. Təhsil, mədəniyyət, səhiyyə müəssisələrində, özəl sektorda ali və orta ixtisas təhsilli gənclərə, müxtəlif peşə sahiblərinə ehtiyac var. Bu gün yarmarkaya həmin təşkilatlardan boş iş yerləri çıxarılıb.
Əmək yarmarkasında 42 nəfərə işə göndəriş verilib, 3 nəfər peşə hazırlığı kurslarına göndərilib.