REGİONLAR
Səsvermədə şəffaflığı təmin etmək üçün bütün zəruri işlər görülüb
Şamaxı-İsmayıllı, 26 sentyabr, AZƏRTAC
Konstitusiyaya təklif olunan dəyişikliklərlə bağlı keçirilən referenduma yüksək vətəndaşlıq mövqeyi nümayiş etdirən şamaxılılar səhər saat 8:00-dan etibarən məntəqələrə gəlir, azad və sərbəst şəkildə öz fikirlərini bildirirlər.
Bu mühüm siyasi kampaniyaya ciddi hazırlıq hər yerdə səsvermənin qanunauyğun, şəffaf keçməsinə imkan verir. 85 saylı seçki dairəsi dairə seçki komissiyasının sədri Hüseyin Rəcəbov AZƏRTAC-ın müxbirinə bildirib ki, rayon üzrə 63 məntəqədə səsvermə siyahısından tutmuş bütün seçicilərin, xüsusilə ilk dəfə səs verənlərin maarifləndirilməsinədək təlimata uyğun ardıcıl tədbirlər həyata keçirilib. Bugünkü kampaniyada rayon üzrə səsvermə hüququ olan 41189 nəfər Konstitusiyaya təklif edilən dəyişikliklərə öz münasibətini bildirməlidir. Səsvermədə şəffaflığın təmin edilməsi məqsədilə bütün zəruri işlər görülüb. Kampaniyanın gedişini 640 müşahidəçi izləyir. 11 məntəqədə veb-kamera quraşdırılıb.
Qeyd edək ki, ilk saatlardan etibarən vətəndaşlar fəallıq nümayiş etdirirlər. Artıq saat 10:00-dək səsvermədə 6096 nəfər iştirak edib.
X X X
87 saylı Ağsu-İsmayıllı seçki dairəsi üzrə 62 məntəqədə 39813 nəfər Konstitusiyaya dəyişikliklərə öz münasibətlərini bildirməlidir. Məntəqələrdən 56-sı Ağsu, 6-sı isə İsmayıllı rayonlarının ərazilərindədir. Səhər saat 8:00-dan etibarən insanlar məntəqələrə gəlir, sərbəst şəkildə öz mövqelərini bildirirlər. Bütün məntəqələrdə səsvermənin azad və demokratik, tam şəffaf keçirilməsi üçün qanunvericiliyə uyğun lazımi şərait yaradılıb. Səsvermənin gedişini 643 nəfər müşahidəçi izləyir. 9 ən iri məntəqədə veb-kamera quraşdırılıb.
X X X
86 saylı İsmayıllı seçki dairəsi üzrə yaradılan 69 məntəqədə Konstitusiyaya təklif olunan dəyişikliklərlə bağlı bu gün keçirilən səsverməyə mütəşəkkilliklə başlanıb. Dairə seçki komissiyasının sədri Əlirəmzi Məhərrəmov AZƏRTAC-ın müxbirinə bildirib ki, səsvermədə 40804 nəfər iştirak etməlidir. Onlardan 216 nəfəri ilk dəfə səs verənlərdir. 6 məntəqədə kamera quraşdırılıb. Prosesi 703 müşahidəçi izləyir. İlk saatlardan etibarən insanlar fəallıq nümayiş etdirirlər. Saat 10:00-dək 5964 nəfər səs verib.
X X X
57 saylı Kürdəmir və 91 saylı Ucar seçki dairələrində də Azərbaycan Respublikasının Konstitusiyasına edilən dəyişikliklərlə bağlı keçirilən səsvermə mütəşəkkilliklə davam edir.