DÜNYA
Səudiyyə Ərəbistanı neft hasilatının həcminə görə dünyada birinci yerə çıxıb
Bakı, 25 noyabr, AZƏRTAC
Səudiyyə Ərəbistanı “qara qızıl” hasilatının həcminə görə 2003-cü ildən sonra ilk dəfə dünyada ən əsas ölkə adını özünə qaytarıb. AZƏRTAC “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, cari ilin doqquz ayının yekunlarına görə Səudiyyə Ərəbistanı Krallığı bu göstərici üzrə dünyada birinci yeri tutur.
Bu ilin doqquz ayı ərzində Səudiyyə Ərəbistanında hər gün orta hesabla 10,19 milyon barrel neft hasil edilib. Eyni müddətdə hər gün orta hesabla 10,12 milyon barrel karbohidrogen istehsal etmiş Rusiya bu göstərici üzrə dünyada ikinci yerə düşüb.
Səudiyyə Ərəbistanında neft sənayesinin bütün tarixi ərzində neft hasilatının indiki həcmi ən yüksək həddədir. Bundan əvvəl krallıqda neft hasilatının ən yüksək həcmi 2012-ci ildə qeydə alınıb. O vaxt gündəlik hasilatın həcmi 9,8 milyon barrel, neftin qiyməti isə 1 barrel üçün təxminən 112 dollar idi.
Cari ilin doqquz ayı ərzində dünyada neft hasilatının həcmi 1,8 faiz artaraq gündə 74,2 milyon barrelə çatıb. Bu onunla bağlıdır ki, ən iri neft istehsalçıları bazarda öz paylarını qoruyub saxlamağa və neftin qiymətinin kəskin düşməsi ilə əlaqədar məruz qaldıqları ziyanı kompensasiya etməyə çalışaraq hasilatı artırıblar.