SİYASƏT


Səudiyyə Ərəbistanın “Əl-Cəzirə” qəzetində Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı məqalə dərc olunub

Ər-Riyad, 18 iyul, AZƏRTAC

Səudiyyə Ərəbistanının nüfuzlu qəzetlərindən biri olan “Əl-Cəzirə” qəzetində “Ey Vətən, ürəyimizdəsən!” sərlövhəli məqalə dərc olunub.

Müəllifi Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Rasim Rzayev olan məqalədə Azərbaycan xalqının sülh və ədalət uğrunda mübarizə apardığı, ölkəmizin Ermənistan tərəfindən hərbi təcavüzə məruz qaldığı, vətəndaşlarımızın doğma yurd-yuvalarına qayıdacağı günü səbirsizliklə gözlədiyi oxucuların diqqətinə çatdırılıb.

Müəllif Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı oxuculara geniş məlumat verib, hərbi təcavüz nəticəsində ölkəmizin ərazisinin 20 faizinin işğal edildiyini, bir milyondan çox vətəndaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini qeyd edib.

Məqalədə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və işğalçı dövlətin son günlərdə qoşunların təmas xəttində vəziyyəti gərginləşdirməsi barədə məlumat verilib, ölkəmizin mövqeyini dəstəklədiyinə və Ermənistanla diplomatik əlaqələr qurmaqdan imtina etdiyinə görə Krallığın xalqına və rəhbərliyinə minnətdarlıq ifadə olunub. Bu addımın Azərbaycan xalqı və rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyi diqqətə çatdırılıb, beynəlxalq təşkilatlar çərçivəsində hərbi təcavüzü pisləyən, işğal olunmuş ərazilərin azad edilməsini və qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılmasını tələb edən sənədlərin qəbulunda Krallığın xüsusi rolu qeyd olunub.

Müəllif iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi istiqamətində minaatanlardan və dəzgahlı qumbaraatanlardan açılmış atəş nəticəsində kənd sakinləri Allahverdiyeva Sahibənin və onun ikiyaşlı nəvəsi Quliyeva Zəhranın həlak olduqlarını, Quliyeva Sərvinazın isə ağır yaralandığını bildirib. Bu hadisənin təmas xəttinin beş kilometrliyində baş verdiyini, qanlı cinayətin müharibə qaydalarının pozulması ilə törədilən mülki əhalinin qətli aktı olduğunu, hədəfə alınan Alxanlı kəndinin təmas xəttindəki hərbi mövqelərdən uzaq məsafədə yerləşməsinin düşmən qüvvələrinin mülki obyekti məqsədyönlü şəkildə seçməsini sübut etdiyini vurğulayıb. O, Ermənistan silahlı qüvvələrinin təmas xəttinə yaxın ərazilərdə yerləşmiş azərbaycanlı mülki əhalini məqsədyönlü şəkildə hədəf almasının beynəlxalq humanitar hüququn pozulması kimi qiymətləndirilməsinin vacibliyini və bu kimi vəhşiliklərə bəraət qazandırmanın mümkün olmadığını qeyd edib.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Ər-Riyad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.