DÜNYA
Səudiyyə Ərəbistanında terror aktlarında əli olan 19 nəfər tutulub
Əmman, 8 iyul, AZƏRTAC
Səudiyyə Ərəbistanında bu günlərdə Mədinə, Əl-Katif və Ciddə şəhərlərində törədilən terror aktlarında əli olmaqda şübhəli bilinən 19 nəfər tutulub. Yerli KİV bu barədə məlumatı Səudiyyə Ərəbistanı Krallığının rəsmi nümayəndəsinin bəyanatına istinadla yayıb.
Bəyanatda deyilir ki, terror aktlarının təhqiqatı gedişində 7 Səudiyyə Ərəbistanı, 12 Pakistan vətəndaşı tutulub. Mədinədə terror aktı törədənin şəxsiyyəti müəyyən olunub. Məscid ən-Nəbəvinin (Peyğəmbər məscidi) yaxınlığında özünü partladan intiharçı-terrorçunun 26 yaşlı Səudiyyə Ərəbistanı təbəəsi olduğu açıqlanıb. Əl-Katifdə məscidə hücum edən üç terrorçunun Səudiyyə Ərəbistanı vətəndaşlığı olmayıb.
Xatırladaq ki, iyulun 4-də Mədinə şəhərində Məscid ən-Nəbəvinin yaxınlığında partlayışlar törədilib. Nəticədə intiharçı-terrorçu ilə bərabər, təhlükəsizlik qüvvələrinin dörd əməkdaşı həlak olub. Əl-Katif şəhərinin məscidi də hücuma məruz qalıb. Bir intiharçı-terrorçu özünü ABŞ-ın Ciddədəki konsulluğu qarşısında partladıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman