SİYASƏT
Seulda OANA İcraiyyə Komitəsinin 39-cu iclası keçirilir VİDEO
Seul, 16 noyabr, Elşən Şahbalayev, AZƏRTAC
Noyabrın 16-da Koreya Respublikasının paytaxtı Seulda Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) İcraiyyə Komitəsinin 39-cu iclası işə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə Türkiyənin Anadolu, Rusiyanın TASS, Yaponiyanın Kyodo, Çinin Sinxua, Koreya Respublikasının Yonhap, Böyük Britaniyanın Press Association, Bəhreynin BNA, İndoneziyanın Antara agentliklərinin rəhbərləri, ümumilikdə dünyanın 23 agentliyindən 50-yə yaxın nümayəndə iştirak edir.
Azərbaycanı tədbirdə AZƏRTAC-ın baş direktoru, OANA-nın vitse-prezidenti Aslan Aslanov təmsil edir.
Tədbirdən əvvəl iştirakçılar Yonhap agentliyinin binasında təşkil edilən fotosərgi ilə tanış olublar. OANA-nın üzv agentliklərinin fotolarının təqdim olunduğu sərgidə AZƏRTAC-ın da fotoşəkilləri yer alıb. Bundan əlavə, hər bir agentliyin fəaliyyətini əks etdirən videoçarxlar nümayiş etdirilib.
İclasın açılış mərasimində tədbirə ev sahibliyi edən Yonhap agentliyinin prezidenti Park No-hvang müzakirə olunacaq məsələlər barədə məlumat verdi. O qeyd etdi ki, İcraiyyə Komitəsinin bu toplantısı təşkilati məsələlərlə yanaşı, xəbər agentliklərinin inkişafı meyillərini də müzakirə etməyə fürsət yaradır. Park No-hvang deyib ki, Asiyanın ən böyük informasiya agentliklərini özündə birləşdirən OANA üzv agentliklər arasında hərtərəfli əməkdaşlıq üçün geniş imkanlar açır.
OANA-nın prezidenti, TASS informasiya agentliyinin baş direktoru Sergey Mixaylov 2013-cü ildən agentliyin sədrliyi müddətində görülən işlər haqqında danışdı. Təşkilatın informasiya və təcrübə mübadiləsi üçün gözəl platforma olduğunu bildirən baş direktor OANA-nın internet saytının imkanlarının genişləndirildiyini söylədi. O, qeyd etdi ki, bu da hər bir üzv agentliyin xəbərlərinin sosial media və axtarış sistemlərində yayılmasına şərait yaradır.
İclasa müşahidəçi qismində qatılan Avropa Xəbər Agentlikləri Alyansının (EANA) prezidenti, Press Association agentliyinin baş direktoru Klayv Marşal hər iki təşkilat arasında əməkdaşlıq müqaviləsinin olduğunu və bunun üzv agentliklər üçün də tərəfdaşlıq etməyə geniş imkanlar açdığını vurğuladı.
Sonra bir sıra agentliklər arasında əməkdaşlıq haqqında müqavilələr imzalandı.
Tədbir iştirakçılarının şərəfinə verilən naharda Koreya Respublikasının xarici işlər nazirinin müavini Lim Sung-nam, Yaponiyanın Kyodo agentliyinin prezidenti Masaki Fukuyama iştirakçılara təşkilatın iclasında uğurlar arzuladılar.
İcraiyyə Komitəsinin iclası işini davam etdirir.