SİYASƏT
Seulda ictimai nəqliyyat vasitələrinin üzərində Xocalı faciəsi haqqında posterlər yerləşdirilmişdir VİDEO
Seul, 20 fevral (AZƏRTAC). “Xocalıya ədalət!” Beynəlxalq kampaniyasının (www.justiceforkhojaly.org) və Koreya dilində Xocalı soyqırımı haqqında (www.khojaly.or.kr) internet saytlarının ünvanı əks olunan posterlər Koreya Respublikasının paytaxtı Seul şəhərində müxtəlif istiqamətlər üzrə hərəkət edən ictimai nəqliyyat vasitələrinin (avtobusların) üzərinə yerləşdirilmişdir.
Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyeva tərəfindən irəli sürülmüş “Xocalıya ədalət!" Beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Koreya Respublikasındakı səfirliyinin fevralın 15-dən başlayaraq həyata keçirdiyi bu aksiya martın 14-dək davam edəcəkdir.
Bu aksiya “BUTA” Azərbaycan-Koreya Tələbə Təşkilatı və Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin elan etdiyi “Xocalı ayı” çərçivəsində həyata keçirilən silsilə tədbirlərdən növbətisidir. Bundan əvvəl Heydər Əliyev Mərkəzinin Xocalı soyqırımı haqqında ingilis dilində hazırladığı “Khojaly Genocide” adlı kitabça Koreya dilinə tərcümə edilərək 5 min nüsxədə çap edilmiş, Xocalı soyqırımı haqqında Koreya dilində internet və “Facebook” səhifələri istifadəyə verilmişdi.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Seul