MƏDƏNİYYƏT


Seulda türkdilli dövlətlərin mədəniyyət festivalı başlayıb VİDEO

A+ A

Seul, 8 noyabr, AZƏRTAC

Noyabrın 8-də Koreya Respublikasının paytaxtı Seulda türkdilli dövlətlərin mədəniyyət festivalının açılış mərasimi olub.

Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin təşəbbüsü və Koreya Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivalda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Türkmənistan təmsil olunur.

Koreya Milli Muzeyində keçirilən açılış mərasimində çıxış edən Xarici İşlər Nazirliyinin ictimai diplomatiya üzrə səfiri Ço Hyun-donq bu cür festivalların Koreyada türkdilli ölkələrin daha yaxşı tanıdılması və qarşılıqlı mədəniyyət mübadiləsi baxımından əhəmiyyətini vurğulayıb. O, koreyalıların və türkdilli millətlərin dillərində, folklorunda, adət-ənənələrində bənzərliklərin olduğunu vurğulayaraq, xalqlarımız arasında mədəni mübadilənin tarixinin qədim olduğunu deyib.

Mərasimdə çıxış edən ölkəmizin Koreya Respublikasındakı səfiri Rəmzi Teymurov deyib ki, Azərbaycan tərəfinin iki il əvvəl belə bir festivalın keçirilməsi ilə bağlı irəli sürdüyü təşəbbüsün keçmiş sovet respublikaları, o cümlədən Azərbaycanın müstəqilliyinin 25-ci ildönümündə reallaşması sevindirici haldır. O, əmin olduğunu bildirib ki, mədəni mübadilə ölkələrimiz arasında digər sahələrdə də əlaqələrin dərinləşməsinə imkan yaradacaq.

Açılış mərasimində çıxış edən Türkiyənin, Qazaxıstanın, Qırğızıstanın və Türkmənistanın Seuldakı səfirləri də türkdilli xalqların mədəni dəyərlərinin Koreya xalqına tanıdılmasının birgə əməkdaşlığa töhfə verəcəyinə əminliklərini ifadə ediblər.

Sonra səhnə türkdilli ölkələrin və Koreya incəsənət xadimlərinin ixtiyarına verilib. Açılış mərasimində Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının üzvləri, “Natiq” ritm qrupu, “Muğam” instrumental ansamblının çıxışı olub.

Açılış konsertində digər türkdilli dövlətlərin və Koreyanın incəsənət xadimləri də müxtəlif rəqs və musiqi nömrələri təqdim ediblər.

Festivalın açılış mərasimin keçirildiyi Koreya Milli Muzeyində türkdilli dövlətlərin mədəniyyətini, təbiətini, adət-ənənələrini, memarlıq abidələrini, görməli yerlərini, mətbəxini əks etdirən fotolardan ibarət sərgi, habelə türkdilli xalqların milli geyimlərinin sərgisi də təşkil edilib.

Noyabrın 13-dək davam edəcək festival çərçivəsində milli günlərin, film festivalının, mühazirələrin təşkili də nəzərdə tutulub.

Festivalda Azərbaycan nümayəndə heyətinin iştirakı, sərgilərin təşkili və filmin nümayişi Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, SEBA Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası və Bakı Media Mərkəzinin dəstəyi ilə həyata keçirilir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Seul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.