REGİONLAR
“Sevgi izi” Abşeron rayonunda VİDEO
Xırdalan, 7 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Xırdalandakı Heydər Əliyev Mərkəzində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yanında “Psixososial Reabilitasiya və İnkişaf Mərkəzi” İctimai Birliyinin və Abşeron Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə əqli qüsurlu, autizm və buna bənzər xəstəlikləri və itkin düşmə ehtimal yüksək olan şəxslərin tapılmasını tezləşdirmək məqsədi ilə “Sevgi izi” layihəsinin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə qeyri-hökumət təşkilatlarının nümayəndələri, türkiyəli mütəxəssislər, autizm sindromlu uşaqlar və onların valideynləri iştirak ediblər.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Azərbaycanda autizm sindromlu uşaqlara göstərilən dövlət qayğısından, bununla bağlı layihələrdən və görülən digər işlərdən danışıb. Millət vəkili Qənirə Paşayev çıxışında türkiyəli mütəxəssislərlə əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova ölkəmizdə autizm sindromlu uşaqların problemlərinə həssaslıqla yanaşıldığını, heç bir müraciətin diqqətdən kənarda qalmadğını bildirib. Modelyer Fəxriyyə Xələfova sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının müdafiəsinin daim diqqət mərkəzində saxladığını qeyd edib.
Türkiyədə bu layihənin rəhbəri, ATV kanalının “Sevgi izi” verilişin aparıcısı Müge Anlı autizm sindromu ilə mübarizə yolları, bununla bağlı valideynlərə düzgün istiqamət verilməsi, bu qəbildən olan uşaqların sosiallaşması üçün cəmiyyətdə onlara diqqətin artırılması kimi məsələlər haqqında danışıb.
Sonra layihə haqqinda müfəssəl məlumat verilib və interaktiv qeydiyyat aparılıb. Belə ki, pasiyent internetdəki müvafiq saytda qeydiyyatdan keçirilir və ona fərdi kod verilir. Kod polis bölməsində xəstənin sənədləri əsasında qeydiyyata alınır. Xəstə uşaq itdikdə ailə üzvləri polisə müraciət edərək kodu bildirirlər. Abşeron Rayon Polis Şöbəsi respublikanın bütün polis bölmələrinə uşağın şəklini və kod nömrəsini göndərərək itmiş autizmli xəstənin tez bir zamanda tapılamsına yardımçı olur.