İDMAN


Sevinc Fətəliyeva: Azərbaycanda keçirilən mötəbər yarışlar ölkəmizdə idman ruhunun inkişafında mühüm rol oynayır

A+ A

Strasburq, 12 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva oktyabrın 12-də Assambleyanın plenar iclasında “İdman hamı üçün – bərabərlik, inteqrasiya və ictimai yaxınlaşma üçün körpü” adlı məruzə ətrafında müzakirələrdə iştirak edib.

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, AŞPA-nın uşaqlar üzrə baş məruzəçisi Sevinc Fətəliyeva müzakirələrdəki çıxışında idmanın ictimai həyatın bütün sahələrinə, o cümlədən etnik münasibətlərə, biznes fəaliyyətinə, sosial statusa, insanların sağlamlığına, həyat tərzinə və dəyərlərinə təsir göstərdiyini bildirib. Qeyd edib ki, idman gəncləri pis vərdişlərdən, eləcə də zorakılıqdan, radikalizmdən uzaq tutmağın ən təsirli üsuludur. İdman miqrantların cəmiyyətə adaptasiyasına da təsir etmək gücünə malikdir.

Deputat bildirib ki, dünyada idman ölkəsi kimi tanınan Azərbaycanda idman siyasəti uğurla həyata keçirilir. Ölkəmizdə keçirilən bir sıra mötəbər idman yarışları - “Bakı-2015” birinci Avropa Oyunları, 42-ci Ümumdünya Şahmat Olimpiadası, qadınlar arasında “FIFA U-17” dünya, kişilər arasında “UEFA U-17” Avropa çempionatları, Formula-1 Avropa Qran-prisi idman ruhunun yüksəlməsində mühüm rol oynayıb. Belə beynəlxalq idman yarışları gənclərin idmana axın etməsinə böyük təkan verməklə yanaşı, idmanın yaşından, cinsindən, millətindən asılı olmayaraq, cəmiyyətin bütün təbəqələri üçün açıq olmasının göstəricisi, dövlət siyasətinin uğurlu nəticəsidir. Azərbaycanda insan kapitalının inkişafı iqtisadiyyat və mədəniyyətlə yanaşı, idmanın da tərəqqisindən asılıdır.

S.Fətəliyeva qeyd edib ki, bu gün uşaqların kütləvi şəkildə rəqəmsal texnologiyalara bağlılığına idmanın inkişafı ən yaxşı alternativdir. Uşaqların hər hansı bir video oyununu və ya terror aktını seyr etməsi əvəzinə idman yarışlarına baxmaları daha yaxşı olardı. Gənclərimizin kumirlərinin virtual qəhrəmanlar əvəzinə, idmançıların, çempionların olması daha faydalı olardı.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.