REGİONLAR
Şəxsi kitabxana ilə tanışlıq gənclərdə xoş təəssürat yaradıb
Tərtər, 15 avqust, AZƏRTAC
Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun Qarabağ Regional Bilik Evinin təşəbbüsü ilə Tərtər gənclərinin bir qrupu rayon ağsaqqallar şurasının üzvü Rauf Həsənzadənin şəxsi kitabxanası ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, Rauf Həsənzadə 40 ilə yaxın müddətində yaratdığı kitabxana haqqında gənclərə məlumat verib.
Bildirib ki, kitabxanasında hazırda 12 mindən çox kitab var. Bu kitabların çoxunu 1980-ci illərdə elektromexanika zavodunun direktoru işləyən zaman keçmiş SSRİ-nin müxtəlif şəhərlərində ezamiyyətdə olarkən gətirib. Kitablar içərisində ensiklopediyalar, dünya ədəbiyyatından, xalq təbabətindən bəhs edən kitablar üstünlük təşkil edir. 1717-ci ildə Birinci Pyotrun sifarişi ilə çap olunmuş “Məişətdə davranış qaydaları” kitabı, müxtəlif xalqların yaşam tərzini, Avropa ölkələrinin mədəniyyətini əks etdirən kitablar daha çox maraq doğurur.
Rauf Həsənzadə kitablarla bağlı gəncləri maraqlandıran sualları cavablandırıb.
Kitabxana ilə tanışlıq gənclərdə xoş təəssürat yaradıb.
Gənclər Rauf Həsənzadənin şəxsi kitabxanasına xatirə olaraq kitablar bağışlayıblar.