SİYASƏT
Seyfəddin Qurbanov: Xaricdə yaşayan azərbaycanlılarla əlaqələrin gücləndirilməsi dövlət siyasətinin tərkib hissəsidir
Kiyev, 28 dekabr, AZƏRTAC
Mənə göstərilən yüksək etimada görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm. Diasporumuzun Azərbaycan dövləti ilə birgə fəaliyyəti ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi ilə əlaqədardır. Ulu Öndərin bu siyasəti dövlətimizin başçısı tərəfindən uğurla davam etdirilir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı Prezident İlham Əliyevin Sərəncamı ilə “Əməkdar Rəssam” adına layiq görülmüş Ukraynada yaşayan azərbaycanlı heykəltəraş Seyfəddin Qurbanov söyləyib.
S.Qurbanov bildirib ki, bu gün Azərbaycan dövləti düşünülmüş strategiyaya əsaslanan vahid bir xətt üzrə idarə olunur. “Xaricdə yaşayan azərbaycanlılarla əlaqələrin gücləndirilməsi, onların işinin koordinasiya olunması dövlət siyasətinin tərkib hissəsidir. Bu gün istər xarici ölkələrdə yaşayan, istərsə də Azərbaycandakı soydaşlarımızın qarşısında dəqiq müəyyən edilmiş vəzifələr var. Biz də bu vəzifələri layiqincə yerinə yetirməyə hazırıq”, - deyə o əlavə edib.
Qeyd edək ki, S.Qurbanov 1962-ci ildə Naxçıvan Muxtar Respublikasının Siyaqut kəndində anadan olub, Ukraynanın Xalq Rəssamı, Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının heykəltəraşlıq kafedrasının müdiri, Xarkov vilayətinin fəxri vətəndaşıdır, Azərbaycanın və xarici ölkələrin çoxsaylı mükafatlarına, o cümlədən “Tərəqqi” medalına layiq görülüb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev