MƏDƏNİYYƏT
Seyid Əhməd Arslan: Belə sərgilər turizmin inkişafına güclü təkan verir VIDEO
Bakı, 3 aprel, Abdulla Suvar, AZƏRTAC
Biz qardaş ölkə olaraq hər il Bakıda təşkil olunan beynəlxalq “Turizm və səyahətlər” sərgisində yüksək səviyyədə təmsil olunuruq. Gördüyünüz kimi Türkiyənin aparıcı turizm şirkətləri Bakıda təşkil olunmuş bu möhtəşəm turizm bayramına böyük həvəslə qatılıblar. Sərgidə ölkəmizin 30-a yaxın şirkəti təmsil olunur. Bu ilki sərgidə Çanaqqala, Mardin kimi tarixi şəhərlərimizin də iştirakını təmin etdik.
Bu sözləri AZƏRTAC-a eksklüziv müsahibəsində Bakıda açılmış “AITF-2015” 14-cü beynəlxalq “Turizm və səyahətlər” sərgisində iştirak edən Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət üzrə müşaviri Seyid Əhməd Arslan deyib.
O vurğulayıb ki, ölkəsi sərgidə turizm potensiyalı ilə yanaşı, mədəni, tarixi dəyərlərini də təbliğ edir. Azərbaycan vətəndaşları da Türkiyəni təmsil edən şirkətlərin təqdimatına sayğı göstərir. Bu gün Azərbaycan Prezidenti də türk şirkətlərinin təqdim etdiyi sərgi ilə tanış oldu. Bu bizi olduqca qürurlandırdı. Gələcək illərdə də, “AITF” sərgilərində yaxından iştirak edəcəyik.
Seyid Əhməd Arslan bildirib ki, belə sərgilər turizmin inkişafına güclü təkan verir. Bu sərgilər həm də, turizmlə məşğul olan insanların bir araya gəlməsinə yardımçı olur, onların yeni tərəfdaşlar tapmasına kömək edir, yeni iş birliklərinin əsasını qoyur. Bütün bunları nəzərə alaraq demək olar ki, Bakıda təşkil olunan “AITF-2015” mühüm əhəmiyyət kəsb edir.
Ölkəsinin turizm sahəsində qazandığı uğurlardan söz açan natiq deyib ki, Türkiyə turizm ölkəsidir və bu sahədə dünya üzrə ilk onluqda 6-cı yeri tutur. 2014-cü ildə Türkiyəyə 35 milyona yaxın turist gəlib. Bu olduqca yüksək göstəricidir. Həmçinin Azərbaycandan da Türkiyəyə gələnlərin satında böyük artım olub. Belə ki, ötən il qardaş ölkədən 630 min turist qəbul etmişik. Biz bu rəqəmin daha da artmasına çalışırıq.