REGİONLAR
Seyid Əzim Şirvaninin ədəbi-bədii irsi daha dərindən öyrənilməlidir
İsmayıllı, 7 oktyabr, AZƏRTAC
İsmayıllıda zəngin bədii irsi ilə Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yer tutan Seyid Əzim Şirvaninin anadan olmasının 180 illiyinə həsr olunan təntənəli yığıncaq keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin təşkilatçılığı ilə mədəniyyət və turizm mərkəzində keçirilən tədbirdə rayon rəhbərləri, ziyalılar, ictimaiyyətin çoxsaylı nümayəndələri, habelə şirvanisevərlər iştirak ediblər.
Tədbirin iştirakçıları əvvəlcə foyedə S.Ə.Şirvaninin həyat və yaradıcılığına həsr olunan kitab və rəsm əsərlərindən ibarət sərgiyə baxıblar.
Yubiley mərasimində AMEA-nın Folklor İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru, professor Seyfəddin Qəniyev şairin həyat və fəaliyyəti, yaradıcılığı barədə ətraflı danışıb. S.Qəniyev S.Ə.Şirvani ocağının doğmaları - oğul, nəvə, nəticə, kötükcə, eləcə də şairin əqidə dostları haqqında uzun illər ərzində arxiv və doğmalarının yaddaşından əldə etdiyi tədqiqatlar barədə maraqlı məlumatlar verib. Sonra isə S.Qəniyev “Seyid Əzim Şirvani ocağı” adlı monoqrafiyasını təqdim edib.
Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov şairin yaradıcılığından bəhs edərək, onun maarifçilik ovqatında yazdığı əxlaqi-didaktik şeirlərinin gənc nəslin vətənpərvərlik və qəhrəmanlıq ruhunda tərbiyəsində həmişə olduğu kimi, bu gün də faydalı təsirindən danışıb. Vurğulanıb ki, klassik Azərbaycan şairi Seyid Əzim Şirvaninin ədəbi-bədii irsi müstəqil Azərbaycanda çağdaş dövrün tələbləri baxımından daha dərindən araşdırılmağa və öyrənilməyə layiqdir.
Yubiley tədbirində mədəniyyət mərkəzinin əməkdaşları tərəfindən şairin yaradıcılığından səhnələşdirilən və iştirakçılar tərəfindən maraqla qarşılanan ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.