MƏDƏNİYYƏT
Seymur Məmmədzadə: Azərbaycan Avropa ilə Asiya arasında hər zaman körpü rolunu oynayan mədəniyyət paytaxtıdır VİDEO
Kopenhagen, 8 may (AZƏRTAC). Əvvəla Azərbaycan xalqını ölkəmizin “Eurovision” mahnı müsabiqəsinin finalına vəsiqə qazanması münasibətilə təbrik edirəm. Azərbaycan Avropa ilə Asiya arasında həmişə körpü rolunu oynayan mədəniyyət paytaxtıdır. Ürəyimiz daim Odlar Yurdu Azərbaycan ilə döyünür.
Bu sözləri Danimarkada yaşayan həmvətənimiz Seymur Məmmədzadə AZƏRTAC-ın müxbirinə müsahibəsində demişdir.
Təmsilçimizin finalda da inamlı çıxış edərək möhtəşəm performans göstərməklə əsas yeri qazanacağını vurğulayan Seymur Məmmədzadə ölkəmizin hər yerdə, həmişə ən yüksək pilləyə layiq olduğunu xüsusilə qeyd etmişdir.
Seymur Məmmədzadə Azərbaycana “Eurovision” mahnı müsabiqəsinin finalında uğurlar arzuladığını, Avropanın istənilən nöqtəsində yaşayan hər bir azərbaycanlının ölkəmizə səs verəcəyini xüsusilə vurğulayaraq demişdir: “Danimarkada yaşadığımıza baxmayaraq təbii ki, bütün səsimiz Azərbaycanındır. Ürəyimiz daim Azərbaycan – doğma Vətən ilə döyünür. Azərbaycan ürəyimizdə, qəlbimizdə hər zaman birincidir”.
Danimarkada ölkəmizin tarixinin, mədəniyyətinin, incəsənətinin təbliği üçün “Vətən” Cəmiyyətinin fəaliyyət göstərdiyini diqqətə çatdıran Seymur Məmmədzadə burada uşaqlara, yetişməkdə olan gələcək nəsillərə ana dilimizin, mədəniyyətimizin öyrədildiyini də söyləmişdir.
İl ərzində Danimarkada yaşayan azərbaycanlıların bir araya gələrək ölkəmizin bayramlarını qeyd etdiklərini deyən həmvətənimiz burada fəaliyyət göstərən “Azərbaycan Evi”nə xaricilərin də maraq göstərdiklərini diqqətə çatdırmışdır.
Xaricdə yaşayan azərbaycanlılarımızın əsas vəzifələrinin ölkəmizi təbliğ etmək olduğunu bildirən həmvətənimiz Azərbaycan ilə həmişə sıx əlaqədə olduğunu söyləyərək demişdir: “Təbii ki ölkəmizin təmsilçiləri Eldar Qasımov və Nigar Camalın “Eurovision -2011” mahnı müsabiqəsində inamlı qələbəsindən sonra Azərbaycana Avropada böyük maraq oyanmışdır. Əsasən də ölkəmiz bu mötəbər yarışmaya ev sahibliyi etdikdən sonra demək olar ki, danimarkalıların əksəriyyəti Azərbaycanı artıq tanıyır və ölkəmizlə maraqlanırlar. Danimarkalı dostlarım turist kimi ölkəmizə səfər etmək istəyirlər. Bu da bizim üçün sevindirici haldır. Azərbaycanın hər bir uğuru bizim uğurumuzdur. Bütün azərbaycanlılarımızı salamlayıram. Vətənimizi və xalqımı çox sevirəm!”
Anar Rzayev
AZƏRTAC-ın müxbiri
Kopenhagen