CƏMİYYƏT


Şeyxülislam Allahşükür Paşazadə: Türkiyə dövlətinin və xalqının birliyi xəyanətkarların mənfur niyyətlərini puç etdi

Heydər məscidində Türkiyədə 15 iyul hadisələri zamanı şəhid olan insanların xatirəsinə vəhdət namazı qılınıb

Bakı, 15 iyul, AZƏRTAC

Müqəddəs dəyər olan insan həyatına qəsd edən, Allaha xoş getməyən əməllər törədən, öz xalqına, dövlətçiliyinə xəyanət edənlərin mənfur niyyətləri Türkiyə dövlətinin və xalqının birliyi, qətiyyətli iradəsi qarşısında puç oldu.

AZƏRTAC xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə iyulun 15-də Bakıdakı Heydər məscidində ötən il Türkiyədə baş vermiş dövlət çevrilişi cəhdinin qarşısı alınarkən şəhid olmuş insanların xatirəsinə qılınan vəhdət namaz zamanı deyib.

Bu gün Azərbaycanın bütün məscidlərində türk dövlətçiliyi naminə canlarını fəda etmiş qəhrəman şəhidlərin xatirəsinin yad olunduğunu, ruhlarına dualar oxunduğunu bildirən şeyxülislam qeyd edib ki, azərbaycanlı dindarlar qardaş ölkə xalqı ilə həmrəylik nümayiş etdirirlər.

Türkiyədə bir il əvvəl baş vermiş hadisələrdən danışan Qafqaz Müsəlmanları İdarəsinin sədri deyib: “15 iyul gecəsi öz rəhbərinin çağırışı ilə səfərbər olan Türkiyə xalqı Azan sədaları altında qırıcı təyyarə və tanklara üstün gəldi. Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla, Türkiyə xalqı öz dövlətçiliyini müdafiə etməyi bacardı. İllərdir Türkiyə dövləti amansız terrorun hədəfindədir. Onilliklərlə öz fitnə təbliğatını hiyləgərcəsinə qura bilmiş FETÖ şəbəkəsi Türkiyə xalqına və dövlətinə xaincəsinə zərbə vurmağa qalxdıqda türk milləti bu məkrli hadisənin qarşısını qətiyyətlə almaq qüdrətini nümayiş etdirdi”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.