CƏMİYYƏT


“Şeyxülislamlığın tarixi” kitabının təqdimatı olub VİDEO

Bakı, 7 dekabr, AZƏRTAC

Dekabrın 7-də Bakıda “Şeyxülislamlığın tarixi” kitabının təqdimat mərasimi olub.

AZƏRTAC xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən keçirilən tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, bir sıra ölkələrin səfirləri, dini icmaların rəhbərləri, elm və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şeyxülislam Allahşükür Paşazadə tədbirdə çıxış edərək bu gün ölkəmizdə müxtəlif dinlər və millətlər arasında mövcud olan qardaşlıq münasibətlərindən danışıb. Qeyd edib ki, mürəkkəb coğrafi-siyasi məkanda yerləşməsinə baxmayaraq, Azərbaycanın yaratdığı uğurlu multikulturalizm və tolerantlıq nümunəsi bu gün artıq beynəlxalq aləmdə mütərəqqi model kimi qəbul olunur və öyrənilir.

QMİ sədri deyib ki, tariximizdə birinci dəfədir belə bir kitab ərsəyə gəlib. Bu kitabın nəşr edilməsi Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulmasının nümunəsidir. Azərbaycanda şeyxülislamların həyatına böyük önəm verilir. Kitabda şeyxülislamlara tarixi baxımdan yanaşılaraq onların həyatı, fəaliyyəti barədə məlumat verilib. Şeyxülislamlar azərbaycançılığın, milli şüurun formalaşmasında, dövlətçiliyin yaranmasında və qorunub saxlanmasında böyük işlər görüblər.

AMEA-nın prezidenti akademik Akif Əlizadə bildirib ki, din xalqların dünyagörüşünün və mənəviyyatının formalaşmasında mühüm rol oynayır. Ölkəmizdə dinlər arasında olan tolerantlıq münasibətləri hamı üçün müsbət nümunədir. Azərbaycanda şeyxülislamlıq institutu tarixin sınağından çıxıb, şeyxülislamlar cəmiyyətin ağsaqqalları kimi mühüm rol oynayıblar. Bu baxımdan, belə kitabların nəşr edilməsi ilə şeyxülislamlar haqqında cəmiyyətin məlumatlandırılması çox əhəmiyyətlidir.

DQİDK-nın sədri Mübariz Qurbanlı deyib ki, bu kitab din tariximizin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edən dəyərli bir mənbədir. Sevindirici haldır ki, bu gün belə bir kitab nəşr edilib. Bir tərəfdən həqiqi dini tariximizi öyrənə bilirik, digər tərəfdən isə islam dünyasına göstəririk ki, Qafqazın avanqard ölkəsi olan Azərbaycan islam dəyərlərinin təbliğində və qorunmasında mühüm rol oynayır.

Komitə sədri qeyd edib ki, müəlliflər mənbələri araşdırıb, tarixi faktları üzə çıxarıb və çox maraqlı bir kitab hazırlayıblar. Bu cür kitabların nəşri gələcəkdə də davam etdirilməlidir.

Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərov elmi ictimaiyyətə və Azərbaycan xalqına sanballı bir kitab təqdim olunduğunu söyləyib. Bildirib ki, bu kitabda 12 böyük din xadimi haqqında məlumatlar yer alıb.

Azərbaycan Prezidenti tərəfindən 2016-cı ilin “Multikulturalizm ili” elan edildiyini xatırladan F.Heydərov bu istiqamətdə aparılan işlərdə şeyxülislam Allahşükür Paşazadənin rolunun böyük olduğunu vurğulayıb.

Bakı Dövlət Universitetinin rektoru akademik Abel Məhərrəmov şeyxülislamlığın tarixinin 1300 il olduğunu söyləyib. O, kitabda 12 şeyxülislamın həyatının, irsinin geniş araşdırıldığını, ikinci şeyxülislam İrəvaninin həyatından da bəhs edildiyini vurğulayıb. “Əslində şeyxülislamlığın mərkəzi Tbilisidə, Bakıda olub. Ancaq görün İrəvanda nə qədər azərbaycanlı yaşayıb ki, orada da şeyxülislam olub. XIX əsrin sonu, XX əsrin əvvəlində İrəvanda azərbaycanlıların sayının çox olması səbəbindən orada şeyxülislamlıq institutu formalaşıb”, - deyə A.Məhərrəmov qeyd edib.

AMEA-nın Tarix İnstitutunun direktoru, akademiyanın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov, Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurasının sədri, Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin dekanı akademik Vasim Məmmədəliyev,

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli və başqaları kitabın məziyyətlərindən danışıblar. Bu kitabın insanların maariflənməsində xüsusi rol oynayacağı bildirilib. Qeyd edilib ki, kitabda şeyxülislamlıq, şeyxülislam titulunun sahələri və mərhələləri, şeyxülislam titulunun vəzifəyə çevrilməsi, şeyxülislamların vəzifə və funksiyaları, Səfəvi imperiyasında şeyxülislamlıq, şəhər şeyxülislamları, Qafqazın şeyxülislamları və Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin yaradılması ilə bağlı əsasnamələr tədqiq olunub.

Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının qərarı ilə çap olunmuş kitabın müəllifləri professor Anar İsgəndərov və Adil Mövlayi, elmi redaktoru akademik Vasim Məmmədəliyev, rəyçiləri akademik Yaqub Mahmudov, akademik Teymur Bünyadov, filologiya üzrə fəlsəfə doktoru, dosent Qəmərxanım Cavadlıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.