REGİONLAR
Səyyad Yusifli: “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasında iştirak etdiyim üçün çox sevinirəm
Gəncə, 20 mart, Rauf Hacıyev, AZƏRTAC
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasında iştirak etdiyim üçün çox sevinirəm. Gəncə gözəl şəhərdir. Mən bu şəhəri və onun sakinlərini heç vaxt unutmayacağam. Çünki yoldaşlarımla birlikdə Gəncədə doyunca gəzdim, əyləndim, özümə yeni dostlar qazandım, həm də “Nə? Harada? Nə vaxt?” intellektual oyununun qalibi oldum.
Komandanın kapitanı olaraq məsuliyyətim böyük idi. Sualları tapmağımızda məktəbdə aldığımız bilik, bir də tur-aksiya zamanı verilən məlumatlar köməyimiz oldu. Yarış gərgin, lakin maraqlı keçdi. Komandaların hamısı güclü idi. Lakin sonda turnirin kubokunu mənim də kapitanı olduğum Zaqatala məktəbliləri qazandı.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “Ölkəmizi tanıyaq” tur-aksiyanın iştirakçısı, Zaqatala rayonu 3 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Səyyad Yusifli bildirib.
O deyib: “Ölkəmizi tanıyaq” tur-aksiyası Prezident İlham Əliyevin gənc nəslə göstərdiyi diqqət və qayğısının nəticəsidir. Bizə belə bir şərait yaratdığı üçün dövlətimizin başçısına minnətdarıq. Komandamızın bu layihədə qazandığı uğura təhsil aldığımız məktəblərin müəllimləri və şagirdləri sevinəcəklər. Əminəm ki, layihə çərçivəsində əldə etdiyimiz hər bir uğur gələcəkdə Vətənimizin adına qazanacağımız böyük qələbələrin başlanğıcıdır”.