CƏMİYYƏT
Səyyar “ASAN ” Xaçmaz və Qusarda
Bakı, 22 may, AZƏRTAC
Səyyar “ASAN qatar” mayın 22-dən iyunun 5-dək Xaçmaz şəhərində, səyyar “ASAN xidmət” isə mayın 22-dən iyunun 20-dək Qusar şəhərində vətəndaşlara xidmət göstərəcək.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, bununla yanaşı, səyyar “ASAN xidmət” tərəfindən Xəzər rayonunun Mərdəkan qəsəbəsində kommunal xidmətlər (“Azərişıq”, “Azərsu” ASC və “Azəriqaz” İB), Abşeron Gənclər Evində isə ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidməti həyata keçirilir.
Həmçinin səyyar avtobuslar mayın 1–dən 30-dək Ağcabədi, Naftalan, Zaqatala, Biləsuvar, Kürdəmir şəhərlərində, mayın 3–dən 22-dək Məhəmmədi kəndində, mayın 20–dən 29-dək Pirallahı qəsəbəsində, mayın 20–dən iyunun 8-dək Zərdabda vətəndaşların xidmətində olacaqlar.
Səyyar xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.
Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır.