CƏMİYYƏT
Səyyar “ASAN xidmət” Balakən, Qəbələ və Kürdəmirdə xidmətə başlayıb VİDEO
Bakı, 1 iyun, AZƏRTAC
“ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar səyyar formada regionlarda əhaliyə xidmətlər göstərir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildiriblər ki, iyunun 1–dən 15-dək səyyar “ASAN xidmət” Balakən, Qəbələ, Kürdəmir rayonlarında əhaliyə xidmətlər göstərəcək. Belə ki, Balakən, Zaqatala, Qax rayonlarının sakinləri Balakəndə, Qəbələ, İsmayıllı rayonlarının sakinləri Qəbələdə, Kürdəmir, Hacıqabul rayonlarının sakinləri isə Kürdəmirdə səyyar “ASAN xidmət”dən yararlana biləcəklər.
Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə, Daxili İşlər nazirlikləri, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
Cari ilin sonuna kimi səyyar “ASAN xidmət” bir neçə istiqamət üzrə regionlarda əhaliyə xidmətlər göstərməyə davam edəcək.