CƏMİYYƏT
Səyyar “ASAN xidmət” Cəlilabadda vətəndaşlara xidmət göstərəcək VİDEO
Bakı, 12 dekabr, AZƏRTAC
Dekabrın 12-15-də səyyar “ASAN xidmət” Cəlilabad rayonunda vətəndaşlara xidmət göstərəcək. Cəlilabad rayonunun Uzuntəpə qəsəbəsi, həmçinin Muğan, Söyüdlü və Maşlıq kəndlərinin sakinlərinə “Azərişıq” ASC tərəfindən istehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi xidməti həyata keçiriləcək.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildiriblər ki, bundan başqa, səyyar “ASAN xidmət” avtobusları noyabrın 14-dən dekabrın 13-dək Astarada, noyabrın 29-dan dekabrın 28-dək Qubada, dekabrın 2-16-da Saatlıda, dekabrın 5-19-da Siyəzəndə, dekabrın 5-24-də Tovuzda, dekabrın 5-14-də Qaradağ rayonunun Ələt qəsəbəsində, dekabrın 9-28-də Ağcabədidə, dekabrın 12-26-da Qobustanda vətəndaşların xidmətində olacaq.
Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.
Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.