REGİONLAR
Səyyar “ASAN xidmət” Lənkəranda
Lənkəran, 18 iyul, AZƏRTAC
Mobil “ASAN xidmət” avtobusu Astara rayonundan sonra Lənkəran şəhərində cənub bölgəsinin sakinlərinə səyyar xidmət göstərməyə başlayıb.
AZƏRTAC xəbər verir ki, səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, sürücülük vəsiqələrinin dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi və daşınmaz əmlakın qeydiyyatı daxildir.
Mobil “ASAN xidmət” avtobusu Lənkəranda iyulun 22-dək cənub bölgəsinin sakinlərinə səyyar xidmət göstərəcək.