CƏMİYYƏT
Səyyar “ASAN xidmət” Mingəçevir, Lerik və İmişlidə xidmət göstərir VİDEO
Bakı, 25 avqust, AZƏRTAC
Avqustun 25–dən sentyabrın 8-dək səyyar “ASAN xidmət” Mingəçevirdə, Lerikdə və İmişlidə əhaliyə xidmət göstərəcək.
Səyyar xidmətlərdən Leriklə yanaşı Lənkəran, İmişlidə isə Saatlı rayonlarının sakinləri də istifadə edə biləcəklər.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildiriblər ki, səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Göstərilən xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin və ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi daxildir. Xidmətlər arasında mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi də yer alır.
Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin insanlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.