CƏMİYYƏT
Səyyar “ASAN xidmət” Pirallahı sakinlərinə xidmət göstərir
Bakı, 22 may, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən, “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi regionlarda xidmət əməkdaşları müasir texnoloji avadanlıqla təchiz olunmuş irihəcmli xüsusi avtobuslar vasitəsilə sakinlərə səyyar formada xidmət edirlər.
AZƏRTAC Pirallahı Rayon İcra Hakimiyyətinin saytına istinadla xəbər verir ki, səyyar “ASAN xidmət”in işçiləri bir neçə gündür ki, həmin rayonda fəaliyyət göstərirlər. Qəsəbədə Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin qarşısındakı ərazidə səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə, Daxili İşlər nazirlikləri, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Həmin xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların, mənzillər, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi daxildir.
Səyyar xidmətin həyata keçirilməsinin əsas məqsədli dövlət xidmətlərinin daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsidir.
Səyyar “ASAN xidmət” mayın 29-dək rayon sakinlərinə xidmət göstərəcək.