CƏMİYYƏT
Səyyar “ASAN xidmət” Siyəzəndə
Bakı, 17 aprel, AZƏRTAC
Səyyar “ASAN xidmət” aprelin 17-dən mayın 16-dək Siyəzən şəhərində vətəndaşlara xidmət göstərəcək.
Həmçinin səyyar avtobuslar martın 28-dən aprelin 26-dək Tovuz, Qax, Astara, Yevlax şəhərlərində, martın 29-dan aprelin 26-dək Salyan şəhərində, aprelin 3-dən 22-dək Füzuli rayonunun Horadiz şəhərində, aprelin 10-dan 19-dək Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində, aprelin 15-dən 29-dək Abşeron rayonunun Novxanı qəsəbəsində, “ASAN qatar” isə aprelin 14-dən 28-dək Şəmkir rayonunun Dəllər qəsəbəsində vətəndaşların xidmətindədirlər.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.
Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır.