REGİONLAR


Səyyar “ASAN xidmət” Tərtərdə vətəndaşlara xidmət göstərəcək

Bakı, 13 iyul, AZƏRTAC

Səyyar ASAN xidmət iyulun 13–27-də Tərtər şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentlikdən AZƏRTAC-a bildiriblər ki, həmçinin səyyar avtobuslar iyunun 29-dan iyulun 28-dək Xaçmaz şəhərində, iyunun 29–dan iyulun 13-dək Abşeron rayonunun Qobu qəsəbəsində, iyulun 7–dən 31-dək İsmayıllı və Lerik rayonlarında, iyulun 10–dan 29-dək Ağstafa, Saatlı və Gədəbəy şəhərlərində, iyulun 10–dan 19-dək Qaradağ rayonunun Ələt qəsəbəsində, səyyar “ASAN qatar” isə iyulun 5–dən 19-dək Balakən şəhərində vətəndaşların xidmətində olacaq.

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi evlər üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.

Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.