REGİONLAR


Səyyar “ASAN xidmət” avtobusunun növbəti dayanacağı Balakən şəhəridir

Balakən, 5 iyun, Mustafa Dadaşov, AZƏRTAC

“ASAN xidmət”in müasir texnoloji avadanlıqla təchiz edilmiş irihəcmli xüsusi avtobusu iyunun 5-dən başlayaraq Balakən şəhərində sakinlərə səyyar formada xidmət göstərir. Bu xidmətdən ətraf rayonların sakinləri də yararlana biləcəklər.

AZƏRTAC xəbər verir ki, əhaliyə səyyar formada xidmətlərin göstərilməsi üçün Balakən şəhərinin mərkəzində, rayon Mədəniyyət Mərkəzinin həyətində xüsusi yer ayrılıb. Burada vətəndaşların rahatlığı üçün hər cür şərait yaradılıb. Sakinlər əvvəlcə məlumat bürosuna yaxınlaşır, sənədlərini təqdim edir, növbəyə yazılırlar. Növbələri çatdıqda onlar avtobusa daxil olur, müraciətlərini edirlər.

Xidmətlər Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, həmçinin Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Göstərilən xidmətlərin dairəsi genişdir. Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələri və ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi və digər xidmətlər daxildir.

Qəbələ regional “ASAN xidmət” mərkəzinin səyyar xidmətin təşkili sektorunun müdiri, xidmətin səyyar avtobusunun qrup rəhbəri Azad Qəribov AZƏRTAC-a bildirib ki, səyyar “ASAN xidmət” Balakəndə sakinlərə iyulun 4-dək xidmət göstərəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.