CƏMİYYƏT
Səyyar “ASAN xidmət” eyni vaxtda bir neçə regionda xidmətə başlayır VİDEO
Bakı, 30 may, AZƏRTAC
“ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməkdə davam edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildiriblər ki, bu il iyun ayının 1-dən etibarən səyyar “ASAN xidmət” bir neçə istiqamət üzrə regionlarda əhaliyə xidmətlər göstərməyə başlayacaq.
İlkin olaraq səyyar avtobuslar Balakən, Qəbələ, Kürdəmir rayonlarında xidmət göstərəcək. Hər rayonda səyyar avtobusun xidmət göstərmə müddəti 15 gün nəzərdə tutulub.
Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə, Daxili İşlər nazirlikləri, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə daxildir: Notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.
Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
Qeyd edək ki, cari ilin sonuna kimi səyyar “ASAN xidmət” bir neçə istiqamət üzrə regionlarda əhaliyə xidmətlər göstərməyə davam edəcək.